Məlum olduğu kimi, son günlər ölkə gündəmindəki əsas mövzulardan biri də əməkhaqqı sistemində gözlənilən mümkün dəyişikliklə bağlıdır. Bu barədə bildirilir ki, Azərbaycanda yaxın vaxtlarda aylıq əməkhaqqı rejimi saatlıq əməkhaqqı sistemi ilə əvəz ediləcək. Prosesin hansı tarixdə baş tutacağı hələlik məlum olmasa da, rəsmi qurumlar bu istiqamətd işlərin davam etdiyini bildirirlər.
“AzPolitika” mövzunun aktuallığını nəzərə alaraq region ölkələri və Avropa dövlətlərində saatlıq əmək haqqının nə qədər olduğunu araşdırıb.
Avropa Statistika İdarəsinin (Eurostat) bu günlərdə açıqladığı hesabata görə, son beş ildə nominal artım və inflyasiya nəzərə alındıqda, Avropa İttifaqında real saatlıq əməkhaqları 3% azalıb. Əməkhaqlarının artımı avrozonaya daxil olmayan ölkələrdə və ümumilikdə daha aşağı maaş səviyyəsinə malik ölkələrdə daha güclü olub.
Belə ki, 2020-ci ildə Aİ-də saatlıq ümumi əməkhaqqı 21.5 avro olduğu halda, 2025-ci ildə bu rəqəm 26.2 avroya yüksəlib ki, bu da 21.9%-lik artım deməkdir. Lakin inflyasiya nəzərə alındıqda eyni dövrdə istehlak malları və xidmətlərin qiymətləri 25.6% artıb. Nəticədə, yığılan real əməkhaqqı 3% azalıb.
Bəs son beş ildə Avropada əməkhaqları və inflyasiya necə dəyişib?
“Eurostat” məlumatlarına və “Euronews” hesablamalarına əsasən, 30 Avropa ölkəsi arasında 12-də real əməkhaqları azalıb, 18-də isə artıb. Bolqarıstan bu siyahıda açıq fərqlə liderdir. Belə ki, 2020–2025-ci illər arasında real əməkhaqları ümumilikdə 37.4% artıb. Serbiya (25.4%), Xorvatiya (21.1%) və Litva (21.1%) da 20%-dən çox artım qeydə alıb.
Digər üç qeyri-avro ölkəsi — Rumıniya (19.7%), Macarıstan (18.8%) və Polşa (17.8%) da 15–20% aralığında real artım göstərib. Avrozonada isə Sloveniya (14.4%), Latviya (10.6%) və Yunanıstanda (8.6%) artım qeydə alıb. Avropa ölkələrinin yarısında real əməkhaqları -5% ilə +5% arasında dəyişib ki, bu da nisbətən kiçik dəyişikliklər deməkdir.
Avropa İttifaqının “Böyük dördlük” iqtisadiyyatlarında real əməkhaqları isə azalıb:
– İtaliya -9.2% (ən böyük azalma);
– İspaniya -5.9%;
– Almaniya -3.2%;
– Fransa -3.3%.
Digər tərəfdən, İtaliyada nominal artım ən aşağı olub — 9.5%. Onu Malta (13.3%) və Fransa (14.1%) izləyir. Bu ölkələrdə inflyasiya Aİ ortalamasından aşağı olsa da, əməkhaqqı artımı yenə də inflyasiyanı üstələyə bilməyib. 2025-ci il üzrə ən aşağı əməkhaqqı – Bolqarıstan (10.5 avro), ən yüksək əməkhaqqı isə Lüksemburqda (49.7 avro) qeydə alınıb.

2025-ci il üzrə Avropada saatlıq ümumi əməkhaqları aşağıdakı kimi olub:
– Lüksemburq — 49.7 avro;
– İslandiya — 47 avro;
– Norveç — 45.8 avro;
– Danimarka — 44.7 avro;
– Belçika — 37.1 avro;
– İrlandiya — 36.6 avro;
– Niderland — 36.3 avro;
– Almaniya — 34.5 avro;
– Avstriya — 33.8 avro;
– Finlandiya — 32.6 avro;
– Fransa — 30 avro;
– İsveç — 29.5 avro;
– Sloveniya — 25.6 avro;
– İtaliya — 23 avro;
– İspaniya — 19.5 avro;
– Malta — 17.9 avro;
– Kipr — 17.5 avro;
– Litva — 16.9 avro;
– Xorvatiya — 16.2 avro;
– Estoniya — 15.7 avro;
– Polşa — 15.6 avro;
– Portuqaliya — 15.6 avro;
– Çexiya — 14.9 avro;
– Yunanıstan — 14.5 avro;
– Slovakiya — 14.2 avro;
– Macarıstan — 13 avro;
– Latviya — 12.9 avro;
– Rumıniya — 12.9 avro;
– Serbiya — 10.6 avro;
– Bolqarıstan — 10.5 avro.
Region ölkələrinə gəlincə, Türkiyədə 2025-ci il üçün aylıq minimum əməkhaqqı 28075 türk lirəsi təşkil edib. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 155 türk lirəsi və ya təxminən 5 manat 83 qəpik edir. Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum saatlıq əmək haqqı 5.15 dollar təşkil edir.
Rusiyada aylıq minimum əməkhaqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir. Ermənistana gəlincə, burada aylıq minimum əməkhaqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.
2025-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1102,9 manat səviyyəsində olub. Eyni ildə orta aylıq iş vaxtı 158,6 saat təşkil etdiyinə görə, saatlıq əməkhaqqı təxminən 6,95 manat edir. Bu da hazırkı məzənnə ilə təxminən 4 dollar və ya 3,5 avroya bərabərdir.
