Azərbaycan üçün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
“Çünki ölkəmiz genişmiqyaslı şəhər yenilənməsi, şəhərlərin müasirləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, iqlimə davamlılığın gücləndirilməsi, daha ağıllı və inklüziv icmaların qurulması istiqamətində irəliləyir. Biz işğaldan azad edilmiş ərazilərimizdə dünyanın ən iddialı bərpa işlərindən birini həyata keçiririk. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində şəhər və kəndlərimizi dayanıqlılıq, ağıllı planlaşdırma və insan ləyaqəti prinsipləri əsasında sıfırdan qururuq. 12 şəhər və 300-dən çox kəndin təməli qoyulub. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün artıq 110-a yaxın şəhər, qəsəbə və kəndin baş planı təsdiqlənib, digər yaşayış məntəqələri üzrə planlar isə hazırlanmaqdadır”,- deyə o qeyd edib.
