Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına sərt tənqidlər səsləndirib.
O, Paşinyanı Moskvaya qarşı qeyri-dost siyasət yürütməkdə ittiham edib.
Volodin özünün Telegram kanalında bildirib ki, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmalıdır. Onun sözlərinə görə, hazırkı Ermənistan hakimiyyətinin addımları bu prinsiplərə uyğun gəlmir.
“Dövlət Dumasının deputatlarının fikrincə, Ermənistanın baş naziri Paşinyan Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət aparır, ölkəmizin yaratdığı imkanlardan isə kinayəli şəkildə istifadə edir. Bu, qeyri-etik davranışdır”, – deyə Volodin vurğulayıb.
O qeyd edib ki, Rusiya uzun illər ərzində Ermənistana, o cümlədən iqtisadi baxımdan dəstək verib və Ermənistan vətəndaşları Rusiyada işləmək və özlərini reallaşdırmaq imkanı əldə ediblər.
Volodin həmçinin bildirib ki, Moskva Ermənistanda baş verən proseslərə, o cümlədən Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbuluna və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının tanınmasına biganə qala bilməz.
Dövlət Dumasının sədrinin sözlərinə görə, İrəvanın Avrasiya İqtisadi İttifaqında qalmaq istəyi ilk növbədə iqtisadi maraqlarla bağlıdır.
“Paşinyanın Aİİ-də qalmaq istəyi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadə etməyə davam etmək cəhdidir”, – deyə Volodin bildirib. O əlavə edib ki, Ermənistanın ittifaqda iştirak etdiyi dövrdə ölkənin ÜDM-i 2,5 dəfə artıb.
Volodin vurğulayıb ki, Rusiya Ermənistana qazı Avropa ilə müqayisədə təxminən dörd dəfə ucuz qiymətə, “öz ziyanına” tədarük edir. Buna baxmayaraq, Moskvanın cavab olaraq “Paşinyanın alçaqlığı və vicdansızlığı” ilə qarşılaşdığını deyib.
“Bu cür davam edə bilməz. Münasibətləri belə qurmaq olmaz”, – deyə Volodin əlavə edib.
