ABŞ ilə İran arasında müharibənin başa çatması barədə mümkün sülh sazişinin imzalanması ərəfəsində Respublikaçılar Partiyasının daxilindəki İsrail lobbisi prosesi sobotaj etmək üşün hərəkətə keçib. Onlar Netanyahunun təlimatı ilə Ağ Evin Tehranla əldə etməyə yaxın olduğu bu razılaşmanı kəskin tənqid atəşinə tutublar.
Respublikaçılar Partiyasının rəhbərliyindəki İsrail lobbisinin təsiri altında olan şəxslər İranla sülh sazişi bağlamaması üçün Trampı şantaj etməyə başlayıb.
ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo verdiyi bəyanatda razılaşma şərtlərinin “Öncə Amerika” doktrinası və şüarı ilə qətiyyən uyğun gəlmədiyini iddia edib. Pompeo bu prosesi 2015-ci ildə Obama administrasiyasının imzaladığı və sonradan iflasa uğrayan nüvə razılaşmasına (JCPOA) bənzədib. O, İranla razılaşmaya getməyin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) kütləvi qırğın silahları proqramını yenidən bərpa etmək geniş şans yarada biləcəyini iddia edib.
Daha bir respublikaçı, senator Ted Kruz isə mayın 24-də İranla razılaşma ilə bağlı gələn xəbərlərdən narahatlıq keçirdiyini gizlətməyib. O, iddia edib ki, əgər ABŞ-nin həyata keçirdiyi hərbi addımlardan sonra İran rejimi hələ də uranı zənginləşdirməyə, nüvə proqramını inkişaf etdirməyə və Hörmüz boğazına effektiv nəzarətini qoruyub saxlamağa davam edəcəksə, bu, ABŞ üçün fəlakətli bir səhvə çevriləcək. O, Prezident Donald Trampı əvvəllər elan etdiyi “qırmızı xətlər”ə sadiq qalmağa çağırıb.
Respublikaçı senator Lindsi Qrehem də sülh sazişinin “geosiyasi fəsadlar” doğura biləcəyini iddia edib. O bildirib ki, bu razılaşma İslam Respublikasının regional güc statusunu qorumasına və uzunmüddətli perspektivdə ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailin kabusu olaraq qalmasına şərait yaradacaq. Qrehemin sözlərinə görə, İranın Hörmüz boğazına və Fars körfəzinin neft infrastrukturuna təhdidlərinin qüvvədə qalacağı təqdirdə, regiondakı güc balansı tamamilə Tehranın xeyrinə dəyişəcək.
Tramp administrasiyası dövründə Dövlət Departamentinin Yaxın Şərq üzrə keçmiş nümayəndəsi olmuş Morqan Ortaqus isə iddia edib ki, İran bu nüvə danışıqlarından sadəcə zaman qazanmaq üçün bir alət kimi istifadə edir. Ortaqusun fikrincə, İslam Respublikası danışıqlar prosesini qəsdən uzatmaqla öz üzərindəki beynəlxalq təzyiqləri azaltmağa və əlindəki rıçaqları illərlə qoruyub saxlamağa cəhd edir. O, Trampı rəsmi Tehranın bu taktiki tələsinə düşməməyə səsləyib.
Xatırladaq ki, Prezident Donald Tramp ötən gün verdiyi açıqlamada İranla sülh müqaviləsinin mətninin demək olar ki, tamamilə razılaşdırıldığını elan etmişdi. ABŞ Dövlət katibi Marko Rubio isə müqavilənin bazar günü axşama qədər rəsmən açıqlana biləcəyi anonsunu verib. Tramp bu razılaşmanın ABŞ-nin milli və qlobal maraqlarına tam cavab verdiyini iddia edir.
İran tərəfi isə kəsilmiş hərbi əməliyyatlardan sonra Hörmüz boğazının yenə də onların mütləq nəzarətində qalacağını qətiyyətlə bəyan edib. Ən həssas mövzu olan uranın zənginləşdirilməsi məsələsinə gəlincə, Tehran bu problemin yalnız tərəflər arasında qarşılıqlı anlayış barədə memorandum imzalandıqdan sonra müzakirə mövzusu ola biləcəyini qeyd edib./azpolitika.info
