Siqaret məhsullarının qiymətində yenidən artım olacağı ilə bağlı yayılan məlumatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Son illərdə siqaretlərin qiymətinin tez-tez dəyişməsi həm alıcıların narazılığına, həm də bazarda müxtəlif müzakirələrə yol açır.
Bəs siqaret qiymətləri niyə davamlı artır və bu artımlar istehlak bazarına necə təsir edir? Qiymət artımı qaçaq və qeyri-rəsmi məhsulların bazarda yayılmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, siqaretin qiymətinin artmasının bir neçə əsas səbəbi var.

Onun sözlərinə görə, əsas amillərdən biri dövlət tərəfindən aksiz vergilərinin mütəmadi şəkildə artırılmasıdır: “Dövlət tərəfindən aksiz vergiləri müəyyən dövrlərlə artırılır ki, bu da siqaret məhsullarının satış qiymətlərinə birbaşa təsir göstərir. Qiymət artımına təsir edən digər mühüm səbəb ölkədə müşahidə olunan inflyasiyadır. İnflyasiya fonunda istehsal, daşınma və işçi qüvvəsi ilə bağlı xərclər yüksəlir ki, bu da son nəticədə məhsulun maya dəyərində özünü göstərir”.
Ekspertin fikrincə, son illər idxal və logistika sahəsində yaranan əlavə xərclər də bazarda qiymət artımını sürətləndirən amillərdəndir: “Xüsusilə xaricdən gətirilən məhsullarda valyuta məzənnələri və daşınma xərclərindəki dəyişikliklər qiymət siyasətinə təsir göstərir. Bundan əlavə, tütün və digər xammal məhsullarının dünya bazarında bahalaşması da qiymətlərə təsirsiz ötüşmür”.
X.Kərimli əlavə edib ki, dövlət qaçaq yollarla ölkəyə gətirilən siqaretlərə qarşı mübarizəni davam etdirir: “Son günlər gömrük orqanları tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilən məhsullarla bağlı cinayət işlərinin açılması da bunun göstəricisidir. İstənilən halda siqaret satışında gəlirlilik yüksək olaraq qalır. Qiymətlərdə müəyyən artımların olması bu sahəyə marağı ciddi şəkildə azaltmır. Qeyri-qanuni yollarla məhsul gətirməyə meyilli şəxslər fəaliyyətlərini davam etdirməyə çalışırlar. Dövlət də buna qarşı mübarizə aparır. Bu elə da asan məsələ deyil”./azpolitika.info
