Hind okeanında tarazlıqları dəyişdirə biləcək iddialar yenidən diqqətləri Çaqos Adaları və xüsusilə Dieqo Qarsiyadakı kritik hərbi bazanın gələcəyinə yönəldib.
Səssiz aparıldığı bildirilən diplomatik proseslər böyük bir strateji hesablaşmanın siqnalı kimi qiymətləndirilir. Pərdə arxasında müxtəlif ssenarilər müzakirə olunarkən, bu addımın qlobal güc rəqabətini yenidən formalaşdıra biləcəyi qeyd edilir. Əsas sual isə dəyişmir: Dieqo Qarsiyanın taleyini kim və necə müəyyən edəcək?
Ağ Evin Evin Hind okeanındakı strateji əhəmiyyətə malik Çaqos Adaları ilə bağlı yeni addım hazırladığı iddiası beynəlxalq diplomatik dairələrdə diqqət çəkən hərəkətliliyə səbəb olub. Strateji hərbi xəttin mərkəzində yerləşən adalarla bağlı bu ehtimal yalnız regional deyil, qlobal güc balansına da təsir göstərə biləcək müzakirələri yenidən gündəmə gətirib.
“Telegraph” qəzetində yer alan məlumata görə, Vaşinqton administrasiyasının Böyük Britaniyanın bölgə ilə bağlı suverenlik planından kənar şəkildə fərqli ssenariləri nəzərdən keçirdiyi iddia olunur. Bu ssenarilərin mərkəzində Hind okeanının ən kritik hərbi nöqtələrindən biri sayılan Dieqo Qarsiya bazasının gələcəyi dayanır.
Britaniya prosesdən kənarlaşdırılırmı?
ABŞ administrasiyasının hazırladığı və Tramp dövrünün yanaşmasını da əks etdirdiyi bildirilən sənədlərdə Çaqos Adalarının gələcəyi ilə bağlı müxtəlif variantlar yer alır. Bu variantlar arasında ən çox diqqət çəkəni adaların birbaşa ABŞ tərəfindən satın alınması ehtimalıdır.
Bu ideya Ağ Ev üçün prioritet hesab olunmasa da, yüksək vəzifəli rəsmilər tərəfindən ciddi şəkildə müzakirə edildiyi bildirilir. Proses çərçivəsində ABŞ maliyyə naziri Skott Bessentə təqdim edilən təklifin daha sonra prezidentlik səviyyəsinə çıxarıldığı qeyd olunur.
ABŞ rəsmilərinə görə, Vaşinqton Dieqo Qarsiyanın gələcəyini təmin etmək üçün Londonla mütəmadi təmasdadır. Bununla yanaşı, ABŞ-ın lazım gələrsə Böyük Britaniyanı kənara qoyaraq Mavriki ilə birbaşa danışıqlara başlaya biləcəyi də iddia edilir.
Strateji baza, qlobal rəqabət və təhlükəsizlik narahatlıqları
Dieqo Qarsiya bazası ABŞ və Böyük Britaniyanın birgə hərbi strukturu baxımından mühüm əhəmiyyət daşıyır. Bölgənin həm Yaxın Şərq, həm də Asiya-Sakit okean xəttinə yaxınlığı onu qlobal güc rəqabətində strateji mərkəzə çevirir.
Xüsusilə İranla gərginlik fonunda bölgədəki hərbi infrastrukturun əhəmiyyəti daha da artıb. Dieqo Qarsiyanın yerləşməsi onun İranın potensial zərbə radiusuna daxil ola biləcəyi ehtimallarını gündəmə gətirir. Hərbi ekspertlərin fikrincə, baza B-2 Spirit gizli bombardman təyyarələrinin əməliyyatları üçün uyğun infrastrukturuna görə uzunmənzilli hücum ssenarilərində mühüm rol oynaya bilər.
Suların nəzarəti və Mavriki müzakirəsi
ABŞ rəsmilərinin əsas narahatlıqlarından biri adaların Mavrikiyə verilməsi halında bölgədə dəniz nəqliyyatı və kəşfiyyat fəaliyyətlərinin risk altına düşə biləcəyi ilə bağlıdır. Onların fikrincə, Mavrikinin Çinlə yaxın münasibətləri Hind okeanında dolayı kəşfiyyat boşluğu yarada bilər.
Bu səbəbdən ABŞ daxilində bəzi dairələr mövcud hərbi nəzarət modelinin qorunmasını daha məqsədəuyğun hesab edir.

“Çox daha geniş hərbi və kəşfiyyat üstünlüyü əldə edər”
Təhlükəsizlik və Terror üzrə ekspert, ehtiyatda olan kəşfiyyat polkovniki Coşqun Başbuğ Dieqo Qarsiyanın strateji əhəmiyyətini belə şərh edib:
“Dieqo Qarsiya Böyük Britaniyanın nəzarətində olan, Hind okeanının böyük hissəsini müşahidə edə bilən, radar və dinləmə sistemləri baxımından son dərəcə kritik bir bazadır. Bu, təkcə hərbi baza deyil, həm də bölgədəki hava və dəniz hərəkətini izləyən kəşfiyyat mərkəzidir”.
O, ABŞ-ın bu bazadan uzun illər “ön xətt platforması” kimi istifadə etdiyini, İranla gərginlik dövrlərində isə əhəmiyyətinin daha da artdığını bildirib.
Başbuğ əlavə edib ki, ABŞ-ın adalar üzərində tam nəzarət əldə etməsi Hind okeanında ciddi üstünlük yaradacaq:
“Bu halda ABŞ həm dəniz ticarət yollarına nəzarət edə, həm də bölgədəki bütün hərəkətliliyi izləyə bilər. Bu, təkcə hərbi deyil, qlobal ticarət balansına təsir edən güc proyeksiyasıdır”.

Britaniyanın planı və 35 milyard funtluq icarə modeli
Əvvəllər gündəmə gələn planlara görə, Böyük Britaniyanın adaları Mavrikiyə verərək Dieqo Qarsiya bazasını 99 illik icarə ilə yenidən nəzarətdə saxlamaq istədiyi bildirilir. Bu modelin dəyərinin təxminən 35 milyard funt sterlinq olduğu qeyd edilir.
Lakin bu planın reallaşması üçün ABŞ-ın razılığı həlledici hesab olunur.
Trampın dəyişən mövqeyi
Donald Tramp prosesin əvvəlində Britaniyanın planına müsbət yanaşsa da, daha sonra mövqeyini dəyişib. Xüsusilə Londondan İranla bağlı mümkün əməliyyatlarda Dieqo Qarsiyanın istifadəsinə icazə verilməməsi Vaşinqton-London xəttində gərginlik yaradıb.
Tramp bu planı “zəif” və “böyük səhv” kimi qiymətləndirib, Böyük Britaniyanın baş naziri Kir Starmeri isə sərt şəkildə tənqid edib.
Gizli diplomatiya və danışıqlar
“Telegraph”ın məlumatına görə, ABŞ və Böyük Britaniya arasında Dieqo Qarsiyanın gələcəyi ilə bağlı gizli diplomatik təmaslar davam edir. Vaşinqton əsas məqsədin bazanın regional təhlükəsizlik platforması kimi fəaliyyətini davam etdirməsi olduğunu bildirir.
Eyni zamanda ABŞ alternativ ssenarilərə də açıq qapı saxlayır.

“Dərin dövlət məntiqi”
Siyasi analitik Ben Kudah isə Dieqo Qarsiya ətrafındakı prosesləri şərh edərək bazanın son dərəcə həssas və gizli imkanlara malik olduğunu bildirib. O, bu strukturu “bu tam bir dərin dövlət məntiqidir” ifadəsi ilə xarakterizə edib.
Mütəxəssislərin fikrincə, Çaqos Adalarının gələcəyi ilə bağlı yekun qərar hələ verilməyib. ABŞ daxilində bu variantların mərhələli şəkildə dəyərləndirildiyi, ilk mərhələdə London–Mavriki razılaşmasının formalaşmasının gözlənildiyi qeyd olunur./qaynarinfo.az
