Amerika Prezidenti Donald Tramp ABŞ və İranın müqavilə bağladığını açıqlayıb.
Bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“İran İslam Respublikası ilə saziş bağlandı. Hamını təbrik edirəm“, – Tramp bildirib.
O, dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib: “Dünya gəmiləri, mühərriklərinizi işə salın. Mən indi Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına və eyni zamanda ABŞ tərəfindən dəniz blokadasının dərhal ləğvinə icazə verirəm”.
ABŞ lideri əlavə edib ki, bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək. Bir çox prezident İranla sülh bağlamağa çalışıb və məndən əvvəl hamısı uğursuz olub.
“Region liderləri ilk dəfə olaraq əsl Sülhə nail olmağa kömək edə biləcək bir Prezident tapıblar” – deyə o, bildirib.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə razılığa gəlindiyini təsdiqləyərək, memorandumun iyunun 19-da İsveçrədə imzalanacağını bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərifin “ABŞ ilə İran arasında sülh sazişinin əldə olunduğunu elan etməkdən məmnunluq duyuruq” açıqlamasından sonra İran dövlət televiziyasının mövzu ilə bağlı xəbərində belə deyilib: “Silahlı qüvvələrin və xalqın qəddar düşmən qarşısındakı müqaviməti ABŞ-ı müharibənin başa çatdığını qəbul etməyə məcbur etdi.”
Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, İranın İsrailin Livana son hücumuna cavab verməyə hazırlaşdığı bir dövrdə tərəflər arasında sülh sazişi qüvvəyə minib.

Şərif sosial media hesabında paylaşdığı açıqlamada deyib: “Gərgin diplomatik danışıqlardan sonra ABŞ ilə İran arasında sülh sazişinin əldə olunduğunu məmnuniyyətlə elan edirik. Tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə həyata keçirilən hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırıldığını bəyan ediblər.”
Şərif əlavə edib ki, sazişin rəsmi imzalanma mərasimi iyunun 19-da, cümə günü, İsveçrədə keçiriləcək.
Pakistan Baş naziri açıqlamasında həmçinin bildirib: “Münaqişənin diplomatik yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İrana təşəkkür etmək istəyirik. Bundan əlavə, vasitəçilik prosesində iştirak edən qardaş ölkə Qətərin rəhbərliyinə razılaşmanın əldə olunmasına verdiyi dəstəyə görə səmimi minnətdarlığımızı bildiririk. Həmçinin, Səudiyyə Ərəbistanı rəhbərliyinə və Türkiyəyə bu prosesdə göstərdikləri dəyərli töhfələrə görə xüsusi təşəkkür edirik.”
