Rəqəmsal audit sistemləri auditorlara böyük həcmli məlumatlar arasında mümkün riskləri və kənarlaşmaları qısa müddətdə müəyyən etməyə imkan verir.
Bunu Türkiyənin Hesablama Palatasının auditoru Elif Nur Bilgin Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın Hesablama Palatasının təşkil etdiyi “Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi” tədbirində bildirib.
Onun sözlərinə görə, VERA (Veri Analizi ve Risk Araçları-auditə başlamazdan əvvəl məlumatları avtomatik təhlil edir) sisteminin əsas imkanlarından biri statik analitika mexanizmidir: “Auditor sistemə daxil olan kimi bütün təhlillər və risk göstəriciləri avtomatik şəkildə təqdim olunur. Auditorun əlavə sorğular yazmasına və ya parametrlər daxil etməsinə ehtiyac qalmır. Sistem qurumun maliyyə vəziyyəti barədə ilk andan geniş təsəvvür yaradır”.
Auditorun sözlərinə görə, VERA sistemi əməkhaqqı məlumatlarının təhlili zamanı eyni vəzifə və eyni dərəcə üzrə çalışan əməkdaşların ödənişlərini müqayisə edərək mümkün uyğunsuzluqları müəyyən edir.
“Eyni vəzifə və eyni dərəcəyə malik əməkdaşların maaşları təxminən eyni olmalıdır. Əgər bu çərçivədən kənara çıxan göstəricilər varsa, həmin hallar auditor üçün araşdırma mövzusuna çevrilir. Sistem heç bir şəxsi qanun pozuntusunda ittiham etmir, sadəcə minlərlə məlumat sətrini vizuallaşdıraraq istisna halları görünən edir. Bu yanaşma auditorların təsadüfi seçmə üsulu ilə işləməsi əvəzinə diqqəti birbaşa riskli əməliyyatlara yönəltməsinə imkan yaradır. Aşkarlanan hər kənarlaşma sonradan araşdırılır və bunun texniki səhv, məlumat uyğunsuzluğu və yaxud obyektiv səbəblərdən qaynaqlandığı müəyyən edilir”.
