Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədr dəyişikliyi baş verdikdən sonra media və sosial şəbəkələrdə iddia olunan, yeni rəhbərdən gözlənilən köklü kadr dəyişikliyi hələ baş tutmayıb. Yəni, qurumun keçmiş sədri Saleh Məmmədov və onun komandasının bir çox üzvləri hələ vəzifə başındadı. Əldə etiyimiz ən son məlumatlara görə Avtomobil Yolları Dövlət Agentliyinin regionlarda yerləşən Yol İstismar İdarələrinə uzun illər rəhbərlik etmiş və dövlət büdcəsindən ayrılan vəsaitləri şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında təyinatından kənarlaşdırmış bir çox idarə rəisinə mənimsənilmiş pulların geri qaytarılmasını və çatışmazlıqların aradan qaldırılmasına qeyri rəsmi göstəriş verilib.
Burada həmin şəxslər tərəfindən talanan dövlət vəsaitlərinin hansı formada geri qaytarılacağı, hüquq müstəvisində barələrində nə kimi tədbirlərin görüləcəyi, vəzifələrindən hansı formada atılacağı kimi suallar da ortaya çıxır. Bütün bu cavabsız suallara yaxın zamanlarda təbii ki aydınlıq gələcək.
Amma onu da qeyd etmək lazımdır ki, bu prosesdə bölgələrdə yerləşən Yol İstismar İdarələri rəhbərləri ilə yanaşı bir çox İcra Hakimiyyəti başçılarının da başı ağrıya bilər. Çünki, bütün rayonlarda icra başçıları şişirdilmiş smetalarla daxili yolların tikinti işlərini, avtomobil yollarının əsaslı təmiri işlərini məhz yerli Yol İstismar İdarələri vasitəsi ilə həyata keçirib, dövlət vəsaitlərini şərik mənimsəyiblər. Elə Yevlax rayonunda olduğu kimi.
Məsələn, Yevlax rayon İcra Hakimiyyəti tərəfindən son illər rayonda yolların təmiri işlərinə nə qədər dövlət vəsaitinin ayrılması barədə əlimizdə konkret məlumatlar yoxdu. Amma satınalmaların portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, sözügedən rayon İcra Hakimiyyəti 2024-2025-ci illərdə Yevlax şəhərində yolların əsaslı təmiri işləri üzrə ümumi dəyəri 1 567 732 manat olan 4 satınalma müqaviləsi bağlayıb.
Yevlax şəhərində yolların əsaslı təmiri işləri üzrə 540.811,03 manat məbləğində müqavilə “Təmir-İnşaat” MMC ilə 22.10.2024-cü ildə bağlanılıb.
Yevlax şəhərində Nizami Gəncəvi prospektində (Heydər Əliyev prospektindən Füzuli küçəsinə kimi) və Sahib Əliyev küçəsində (Heydər Əliyev prospektindən Füzuli küçəsinə kimi) yolların əsaslı təmiri üzrə 108.757,93 manat məbləğində müqavilə “Təmir-İnşaat” MMC ilə 08.01.2025-ci ildə bağlanılıb.
Yevlax şəhəri 20 Yanvar, Sidqi Ruhulla, Xudu Məmmədov (Nizami prospektindən Arif Sadıqov küçəsinə kimi),28 may ( Xudu Məmmədov küçəsindən-Nizami prospektinə kimi) küçələrində yolların əsaslı təmiri üzrə 269.428,98 manat məbləğində müqavilə “Təmir-İnşaat” MMC ilə 10.10.2025-ci ildə bağlanılıb.
Yevlax şəhərində yolların əsaslı təmiri üzrə 648.736,45 manat məbləğində müqavilə “Təmir-İnşaat” MMC ilə 14.10.2025-ci ildə bağlanılıb.
Bunlardan əlavə Yevlax rayon İcra Hakimiyyəti 26.09.2020-ci ildən 18.07.2023-cü ilə qədər “Təmir-İnşaat” MMC ilə ümumi dəyəri 1 814 213 manat dəyərində satınalma müqaviləsi bağlayıb.
Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi Yevlax rayon İcra Hakimiyyəti 2020-2025-ci illərdə Yevlax şəhərində yolların əsaslı təmiri üzrə “Təmir-İnşaat” MMC ilə ümumi dəyəri 3 381 949 manat olan 8 satınalma müaviləsi bağlayıb.
Bəs Yevlax rayon İcra Hakimiyyətinin müqavilə bağladığı “Təmir-İnşaat” MMC barədə rəsmi və qeyri rəsmi mənbələrdə nə kimi məlumatlar var.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİR-İNŞAAT” (VÖEN: 2200346081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 15.12.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı YEVLAX RAYONU, YEVLAX ŞƏHƏRİ, İ.DƏMİROV, ev.84, qanuni təmsilçisinin isə Hacıyev Elnur İsa oğlu olduğu qeyd edilib.
Reyestrə edilmiş dəyişiklikdə şirkətin 15.12.2008-ci ildə Səlimov Məzahir Yaqub oğlu tərəfindən təsis edildiyi göstərilir. Daha sonra MMC-yə Dadaşov Bərxudar Astan oğlu, Ağayev Azər Aqronom oğlu, Məmtiyev Raqif Rəhim oğlu rəhbərlik ediblər.
Bəs MMC-nin təsisçisi Səlimov Məzahir Yaqub oğlu kimdir? O, 2007-ci ildən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “54№-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur.
Göründüyü kimi Məzahir Səlimov AAYDA “54№-li Yol İstismari” MMC-nin diroktoru kimi şəxsən təsis etdiyi “Təmir-İnşaat” şirkəti ilə Yevlax rayon İcra Hakimiyyətinin sifarişlərini formal müqavilələr yolu ilə həyata keçirmişdir.
Medianın yaydığı məlumatlarda AAYDA-da vəzifədən kənarlaşdırıldıqdan sonra Saleh Məmmədov özünə yaxın hesab etdiyi regional idarə rəhbərlərini bir araya toplayaraq yaranmış vəziyyəti müzakirə edib. Həmin toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Məzahir Səlimovun da adı çəkilir. İddialara görə, idarənin rəhbəri Məzahir Səlimovun bölgədə geniş təsir imkanlarına malik olduğu, bir sıra iri layihələrə məhz onun başçılıq etdiyi bildirilir.
Qeyd edək ki, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdi. O, Prezident İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilmişdir.
Göründüyü kimi Anar Tağıyev Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində başladıqdan 10 ay sonra “Təmir-İnşaat” MMC, daha doğrusu “54№-li Yol İstismari” MMC-nin diroktoru Məzahir Səlimovla işbirliyinə başlayıb.
Yuxarıda qeyd etdiyimiz kimi Anar Tağıyev Yevlax rayon İcra Hakimiyyətinin başçısısı kimi “54№-li Yol İstismari” MMC-nin diroktoru Məzahir Səlimova məxsus şirkətlə ümumi dəyəri 3 381 949 manat olan 8 satınalma müaviləsi bağlayıb. Bu dövlət vəsaitinin nə qədəri Yevlax şəhərində yolların əsaslı təmirinə xərcləndiyini elə Yevlax şəhərinin yollarından görmək olar. Bu şəhərin mərkəzi küçələrində özünü o qədər biruzə verməsə də, ətraf yollarda öz təsdiqini tapar.
Həmin vəsaitlərin nə qədəri Anar Tağıyevə, nə qədəri Məzahir Səlimova çatıb, bunu da onların yaşayış tərzindən görmək olar.
Son günlər mediada yer alan məlumatlara görə AAYDA-da hazırda araşdırmalar çərçivəsində regional yol idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi nəzarət altındadır. Bu isə 54 saylı Yol İstismar İdarəsi daxil olmaqla, bir sıra qurumlarda illərlə formalaşmış maliyyə mexanizmlərinin yenidən yoxlanılmasına gətirib çıxaracaq.
Bu prosesin dərinləşməsi halında Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin də başının ağrımasını istisna etmir. Amma onun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkəni olması bu versiyanı azaltsa da, prosesdən yan keçməyəcəyinə əsaslar verir.
Aktualinfo.net
