Gündəlik 10 min addım hədəfi uzun müddətdir ki, hamı tərəfindən qəbul edilən universal bir tövsiyəyə çevrilib.
Rusiyalı idman ustası və fitnes-məşqçi Mixail Priqunov Gazeta.ru-ya verdiyi müsahibədə bu göstəricinin necə yarandığını, kimlər üçün nəzərdə tutulduğunu və piyada gəzintinin başqa vasitələrlə əvəz edilib-edilməyəcəyini izah edib.
Mütəxəssisin sözlərinə görə, 10 min rəqəmi təsadüfi seçilməyib. Bu, demək olar ki, bütün insanların yerinə yetirə biləcəyi optimal fiziki aktivlik dərəcəsidir və həm kişilər, həm də qadınlar üçün universal hədəf hesab olunur.
“On min addımdan bir qədər az hərəkət etdikdə sağlamlığın dərhal pisləşəcəyini iddia etmək olmaz. Burada yaş amili, səhhətin ümumi vəziyyəti və artıq çəki kimi faktorlar mühüm rol oynayır. Lakin bu rəqəm əsas universal hədəf olaraq qalır”, – deyə məşqçi bildirib.
Mütəxəssis hər gün məhz 10 min addım atmağı məsləhət görür. Bundan çox hərəkət etmək yalnız fayda gətirir. Daha az addım atmaq da mümkündür, lakin fərq çox olmamalıdır: gündəlik 6-7 min addım aktivliyi qorumaq üçün ən aşağı hədd hesab olunur.
Gəzinti zamanı adi tempdən istifadə etmək olar – bu, təxminən saatda 5 kilometr məsafə deməkdir. Daha sürətli və ya nahamar yollarla hərəkət etmək də mümkündür, ancaq bu, artıq daha çox kardio məşqi sayılır.
“Hər bir halda daim hərəkətdə olmaq, gəzmək və nəqliyyatdan istifadəni piyada gəzinti ilə əvəzləmək lazımdır. Məsələn, getdiyiniz yerə iki dayanacaq qalmış avtobusdan düşə bilərsiniz”, – deyə ekspert tövsiyə edib.
Mütəxəssis həmçinin addımları izləmək üçün xüsusi cihazlardan, məsələn, sadə və münasib qiymətli fitnes-qolbaqlardan istifadə etməyi təklif edir.
