Böyük rezonans doğuran Moskvaya son hava hücumunda əsasən Ukrayna istehsalı olan müxtəlif növ PUA-lardan istifadə olunub.
Bu barədə “Novini.Live”a açıqlamasında Ukrayna 412-ci Pilotsuz Sistemlər Briqadasının nümayəndəsi bildirib.
Onun dediyinə görə, Moskvaya edilən kütləvi hücum əsasən Ukrayna Müdafiə Qüvvələrinin demək olar ki, hər bir briqadasında olan “Firepoint” dronları tərəfindən həyata keçirilib. Bundan əlavə, hücumda “Lyutıy”, “Begemot” və aldadıcı dronların istifadə olunduğu qeyd edilir. O əlavə edib ki, bu cür zərbələrin effektivliyi müxtəlif növ PUA-ların, o cümlədən Rusiyanın hava hücumundan müdafiə və elektron mübarizə sistemlərini yenməyə kömək edən aldadıcı dronların inteqrasiya olunmuş istifadəsi ilə təmin edilir.
Ancaq zərbələrin əsas hissəsi “Firepoint” dronları tərəfindən həyata keçirilib, çünki onlar ucuz və çoxdur.
Məlumat üçün qeyd edək ki, Ukrayna istehsalı olan “Firepoint-1” kamikaze dronunun uçuş məsafəsi 1600 km, partlayıcı yükü 120 kiloqramdır. Onun bir ədədinin təxmini qiyməti 100.000 dollardır. Bu PUA benzin mühərriki ilə təchiz olunub, onun gövdəsinin uzunluğu 4 metr, qanadlarının uzunluğu isə 6 metrdir. Dronda GPS sistemi və peyk rabitəsi var. 2024-cü ilin sonlarından Ukraynanın “Fire Point” şirkəti tərəfindən istehsal olunmağa başlayan bu PUA 2025-ci ilin yanvar ayından bəri Rusiya-Ukrayna müharibəsində istifadə olunur. Onun mühərriki Almaniyanın 3W Modellmotoren şirkəti tərəfindən istehsal olunur. Qalan hissələri Ukraynada yığılır. Bu PUA, Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə edilən İranın “Şahed” PUA-sının analoqu kimi hazırlanıb. Hazırda onun aylıq istehsalı 2000 ədədi keçir. İstehsalın daha da artırılacağı gözlənilir və bu, o deməkdir ki, getdikcə Moskvaya son hücuma bənzər hücumların sayı daha da artacaq.
