Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında Dilicanda keçirilən son görüşün təfərrüatlarını açıqlayıb.
Paşinyan bəyan edib ki, bu təmas Ermənistandakı seçki prosesləri ilə bağlı olub və regionda mümkün müharibə təhlükəsinin qarşısını almaq məqsədi daşıyıb.
Paşinyanın sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyəti gərginləşdirə biləcək müəyyən meyllər müşahidə olunduğu üçün o, Qriqoryana azərbaycanlı həmkarı ilə görüşmək barədə şəxsən tapşırıq verib.
Paşinyan qeyd edib ki, hökumətin vəzifəsi regional gərginliyin qarşısını almaqdır: “Gərginliyin qarşısını almaq üçün çalışmalıyıq və regional vəziyyət gərginləşməyəcək. Müharibə olmayacaq, sülh olacaq”.Məlumata görə, bu gərginlik Ermənistanda 7 iyun tarixində keçirilən parlament seçkilərinin nəticələri ilə birbaşa bağlıdır.
Seçkilərdən əvvəl Paşinyan seçicilərə xəbərdarlıq edirdi ki, əgər onun “Vətəndaş Müqaviləsi” partiyası konstitusion çoxluq əldə edə bilməsə, yeni bir müharibə dalğası qaçılmaz olacaq. Seçki nəticələrinə əsasən, müxalifət blokları yarım milyondan çox səs qazanıb və Paşinyanın partiyası gözlənilən konstitusion çoxluğu əldə edə bilməyib.
Bu vəziyyət rəsmi Bakının sülh müqaviləsi üçün irəli sürdüyü əsas şərt fonunda prosesi dalana dirəyir. Azərbaycan tərəfi bəyan edib ki, sülh sazişi yalnız Ermənistan Konstitusiyasında dəyişiklik edildiyi, Müstəqillik Bəyannaməsinə edilən və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin çıxarıldığı təqdirdə imzalana bilər. Paşinyan özü də bu dəyişikliyi dəstəkləyir və bəyannamənin münaqişəni alovlandırdığını müdafiə edir. Lakin parlamentdə 2/3 çoxluğa sahib olmadığı üçün yeni konstitusiya layihəsini referendumdan keçirmək məsələsi sual altındadır.
Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan iddia edir ki, Paşinyan Bakı və Ankaraya verdiyi konstitusiya dəyişikliyi vədlərini seçki nəticələrinə görə yerinə yetirə bilmədiyi üçün Azərbaycan tərəfi ondan izahat tələb edib. Müxalifət deputatının fikrincə, Dilican görüşü məhz Paşinyanın özünə bəraət qazandırmaq cəhdidir.
Digər tərəfdən, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Lüksemburqda avropalı rəsmilərlə keçirdiyi son görüşlərdə də seçkidən sonra sülh prosesində yaranan qeyri-müəyyənlikdən bəhs etdiyi bildirilir.
Paşinyan isə daxili siyasi vəziyyəti heç bir ölkə ilə müzakirə etmədiklərini, lakin seçkilərin siyasi nəticələrini və sonrakı strategiyaları bütün beynəlxalq tərəfdaşlar kimi Azərbaycanla da bölüşməyin normal dövlət təcrübəsi olduğunu vurğulayıb. O, müxalifətin topladığı səslərin xaricdə “Qarabağ hərəkatı”nın davamı kimi qəbul edilməsinə imkan verməyəcəklərini bildirib və müxalifəti seçki rüşvəti verməkdə ittiham edib.
