2025-ci ilin dövlət büdcəsinin icrası təsdiq edir ki, ötən il fiskal diversifikasiya meylləri daha da güclənib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, ötən il qeyri-neft-qaz sektorunun büdcədə payı 20 milyard 356 milyon manat və yaxud 52 % olub: “Göründüyü kimi, büdcə gəlirlərimizdə qeyri-neft-qaz sektoru daha çox paya malik olub. Bu kontesktdə, diqqəti çəkən vacib məqamlardan biri qeyri neft-qaz sektorunun fiskal gəlirlərimizdə payının artmasıdır. 2025-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxil olub ki, onun da 73,4 %-i və yaxud 12 milyard manatdan çox qeyri neft-qaz sektorunun payına düşüb”.
Bundan başqa, deputatın sözlərinə görə, 2025-ci ildə gömrük orqanları büdcəyə 6 milyard 369 milyon manat ödəyiblər: “İnkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alsaq gömrük qurumlarının funksiyası fiksal hədəflərdən daha çox iqtisadi təhlükəsizliyin gücləndirilməsidir. Bu baxımdan, Azərbaycanda ekosistemdəki mövcud keyfiyyət dəyişikliklərini nəzərə alsaq gömrük xətti ilə fiskal ödənişlərinin azalması iqtisadi baxımdan anlışılan olmalıdır. Digər tərəfdən, dövlətin sahibkarlara güzəşt dəstəyinin genişləndirilməsi də bu istiqamətdə gəlirlərə birbaşa təsir göstərir”.
