2025-ci ildə müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş təxminən 1 400 təşkilatın 900-dən çoxu satınalma fəaliyyətinə yalnız ikinci rübdən başlayıb.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş 1 400-dən çox təşkilatın 900-dən çoxu, yəni təxminən 64 %-i satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlayıb: “2025-ci ildə baş tutmuş satınalmaların strukturunda müsabiqə əsaslı satınalmalar say baxımından cüzi üstünlük təşkil etsə də (52,4 %), məbləğ baxımından bir mənbədən satınalma üsulu üstün olub və ümumi satınalma dəyərinin 54,6 %-ni təşkil edib. Hesablama Palatasının dövlət satınalmaları ilə bağlı apardığı təhlillər hələ yekunlaşmayıb və əldə olunan nəticələr ilkin xarakter daşıyır”.
