Yunanıstan “Gündəm 2030” planının əsaslarını formalaşdırmağa davam edir. Yunanıstanın “Ta Nea” qəzeti bu planın təfərrüatlarını yayımlayıb. Məqalədə Egey dənizindəki adalara və Türkiyə-Yunanıstan sərhədində yerləşən Meriç bölgəsinə yönəlmiş hərbi hazırlıq tədbirlərindən bəhs olunur.
Bu barədə “Haber7” yazıb.
Portal bildirib ki, Türkiyənin müdafiə imkanlarına çatmağı hədəfləyən Yunanıstan “Gündəm 2030” proqramı çərçivəsində yeni addımlar atır:
“Məlumata görə, Yunanıstan iyulun sonunda Milli Təhlükəsizlik Şurasının qərarı ilə İsrail istehsalı olan “Barak” və “Spyder” hava hücumundan müdafiə sistemlərinin alınmasını təsdiqləyəcək. Bu sistemlər ölkənin müdafiəsi üçün yaradılan “Axilles Qalxanı” adlandırılan müdafiə şəbəkəsinin əsas elementləri olacaq.
Hazırlıqlar bununla məhdudlaşmır. Yunan nəşri yazır ki, Şərqi Egey adalarında və Meriçdə gizli işlər görülür. Bildirilir ki, Ukrayna və İrandakı müharibələrdən çıxarılan nəticələr əsasında həmin bölgələrdə müdafiə obyektləri və mövqelərin yeraltına köçürülməsi istiqamətində işlər aparılır.
Məqalədə Türkiyənin adı çəkilməsə də, dolayısı ilə ona istinad edilərək belə deyilir: “Bu işlər raket qalxnı ilə yanaşı, xüsusilə çoxlu sayda drona malik düşmənlərin bölgəyə çıxışını mümkünsüz etməyi hədəfləyir”.
Materialda Yunanıstan müdafiə naziri Nikos Dendiasın ötən il layihə ilə bağlı verdiyi məlumatlar da xatırladılır. Nazirin sözlərinə görə, ölkə üzrə ümumilikdə 522 müdafiə layihəsi həyata keçiriləcək, bunlardan 315-i adalarda reallaşdırılacaq. Dendias layihələrin üç il ərzində başa çatdırılacağını bildirmişdi. Proqramın ümumi dəyərinin isə 65 milyard avro olduğu açıqlanıb.
Təhlükəsizlik sahəsi üzrə ekspertlərə görə, 65 milyard avro Yunanıstanın mövcud müdafiə xərcləri ilə müqayisədə olduqca böyük məbləğdir və bu planın yalnız ABŞ və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilə bilər.
Digər tərəfdən, Lozanna sülh müqaviləsinə və silahsızlaşdırılmış adalar məsələsinə diqqət çəkən bəzi ekspertlər belə hesab edirlər:
“Bu plan Türkiyə üçün müharibə səbəbi hesab oluna bilər. Bu halda Lozanna müqaviləsinin şərtləri faktiki olaraq qüvvəsini itirmiş olar. Bu, Yunanıstanın Lozannanı cırıb atmaq mənasına gələrdi, Türkiyəyə legitim müharibə aparmaq hüququ verərdi”.
Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi və digər yüksək səviyyələrdə Yunanıstanın bölgədəki müvafiq addımlarının mümkün nəticələri barədə sərt xəbərdarlıq edib.
