Anakliya limanı “Landlord” modeli əsasında inkişaf etdiriləcək. Azərbaycan da daxil olmaqla Orta Dəhliz marşrutunda iştirak edən dövlətlərin Anakliya limanına investisiya yatırmasını alqışlayır.
Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti Anakliya Dərin Dəniz Limanının dünyanın geniş tətbiq olunan “Landlord” (Ev Sahibi) modeli əsasında tikilməsi barədə qərar qəbul edib. Bu model çərçivəsində dövlət əsas dəniz və liman infrastrukturunun sahibi olaraq qalacaq, onun inkişafı və idarə edilməsini təmin edəcək.
Nazir qeyd edib ki, “Landlord” modeli Anakliya limanının əvvəlcədən nəzərdə tutulduğu kimi yalnız bir dövlətlə deyil, eyni vaxtda bir neçə ölkə və şirkətlə tərəfdaşlıq şəraitində inkişafına imkan verəcək. Bu isə limana daha çox yük axınının cəlb olunmasına və onun səmərəli fəaliyyətinə şərait yaradacaq.
Kvrivişvili qeyd edib ki, hökumətin əsas məqsədi tərəfdaş ölkələrin iştirakı və maraqları nəzərə alınmaqla Anakliya limanını beynəlxalq maraqların, kapitalın və yük axınlarının cəmləşdiyi regional mərkəzə çevirməkdir.
Nazirin sözlərinə görə, dövlət liman infrastrukturu ilə yanaşı, Anakliyaya avtomobil və dəmir yolu bağlantısının yaradılmasını da təmin edəcək. Konteyner və toplu yük terminallarının tikintisi üçün tələb olunan investisiyalar isə beynəlxalq investorlar və özəl operatorlar tərəfindən həyata keçiriləcək.
Nazirin fikrincə, qəbul edilən qərar Gürcüstanın milli maraqlarını gücləndirəcək, yeni iqtisadi imkanlar yaradacaq və ölkənin Orta Dəhliz layihəsində əsas iştirakçılardan birinə çevrilməsinə töhfə verəcək.
