Texnologiya fənni üzrə sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlər test tapşırıqlarından bəzilərinin səhv tərtib olunduğunu iddia edirlər.
Texnologiya müəllimlərinin adından müraciət edən Elamin Əsədovun sözlərinə görə, 2026-cı il iyunun 25-də keçirilən sertifikatlaşdırma imtahanında yer alan 34 və 42-ci suallar həm metodik vəsaitlərə, həm də dərsliklərə uyğun gəlmir.
Müəllimin iddiasına görə, 42-ci sualda mişarlama prosesi ilə bağlı yanlış termin işlədilib.
Belə ki, sualda “Hansı mişarlama məmulatın üst qatının, son tamamlama işləri zamanı istifadə olunur?” ifadəsi yer alıb.
Müraciətdə bildirilir ki, texnologiyada “son tamamlama” ayrıca mişarlama əməliyyatı deyil, yeyələmə prosesinin icra mərhələsidir. Bundan əlavə, cavab variantlarında təqdim edilən “çarpaz” və “dairəvi” anlayışları mişarlama üsulu yox, yeyələmənin növləridir. Müəllimin sözlərinə görə, “dairəvi mişarlama” anlayışına nə istehsalatda, nə də dərsliklərdə rast gəlinir. Onun iddiasına əsasən, sual 2013-cü ildə nəşr olunmuş 6-cı sinif “Texnologiya” metodik vəsaitinin 86-cı səhifəsindəki testdən götürülüb və rus dilindən tərcümə zamanı terminoloji səhvə yol verilib.
Müəllim, həmçinin qeyd edir ki, həmin metodik vəsaitin 88-ci səhifəsində yer alan 6 nömrəli sual sertifikatlaşdırma imtahanında 42-ci sual kimi istifadə olunub.
Şikayətdə 34-cü sualla bağlı da irad yer alıb. Bildirilir ki, həmin sualda düzgün cavab kimi göstərilən “ayrı-ayrı mənbələrdən gəlirlər” variantı dərslikdə öz əksini tapmır. Müəllimin sözlərinə görə, 6-cı sinif texnologiya dərsliyinin 10-cu səhifəsində “qiymətli kağızlardan gəlirlər” ayrıca gəlir mənbəyi kimi təqdim olunur və bu səbəbdən sual iştirakçılar arasında fərqli nəticələrin yaranmasına səbəb ola bilər.
Müraciətdə qeyd olunur ki, hər iki sualın kökündən yanlış tərtib edildiyi nəzərə alınaraq onların birtərəfli qaydada ləğv edilməsi və hüquqi qiymət verilməsi məqsədəuyğun hesab edilir.
Müəllimlər sertifikatlaşdırma imtahanında təqdim olunan digər bir sualla – inteqrasiya mövzusu ilə bağlı da narazılıqlarını ifadə ediblər. İddia olunur ki, sualda müəllimə şagirdlərə materialların davamlılıq testlərini sınaqdan keçirərək daha uyğununu müəyyən etməyi tapşırdığı situasiya təqdim edilib. Onların fikrincə, bu tapşırıq fəndaxili inteqrasiya deyil, fənlərarası inteqrasiyaya aiddir.
Müəllimlər bildirirlər ki, nə üfüqi, nə də şaquli fəndaxili inteqrasiyanın əlamətləri sualda əks olunmayıb. Onların sözlərinə görə, Təhsil İnstitutu tərəfindən keçirilən sınaq imtahanında da bu sualın düzgün cavabı ilə bağlı eyni problem yaşanıb və sertifikatlaşdırma imtahanında da vəziyyət dəyişməyib.
Şikayətçilər iddialarını əsaslandırmaq üçün texnologiya fənni üzrə metodik vəsaitlərdən və dərsliklərdən müvafiq hissələri də Oxu.Az-a təqdim ediblər.
Azərbaycan Respublikasının Təhsil İnstitutundan məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sertifikatlaşdırma prosesində bəzi fənlər üzrə test tapşırıqları ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Qeyd olunub ki, qüvvədə olan qaydalara əsasən, hər bir iştirakçı imtahandan sonra təqdim olunmuş test tapşırıqları ilə tanış olmaq, cavablarını təhlil etmək və nəticələrlə bağlı narazılığı olduğu halda bir ay müddətində apellyasiya müraciəti etmək hüququna malikdir.
“Hazırda daxil olan apellyasiya müraciətlərinə müəyyən edilmiş prosedurlara uyğun qaydada baxılır. İstifadə edilmiş sual tapşırıqlarının müvafiq fənn və metodika mütəxəssisləri tərəfindən təhlili davam etdirilir. Qeyd edək ki, test nəticələri sualların etibarlılığı, çətinliyi, uyğunluğu və digər göstəricilərini müəyyən edən psixometrik təhlillər əsasında qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.
Əlavə olunub ki, apellyasiya müraciətlərinə baxılması prosesi başa çatdıqdan və nəticələr qiymətləndirildikdən sonra sertifikatlaşdırma ilə bağlı ictimaiyyəti maraqlandıran məsələlərə dair ətraflı məlumat təqdim ediləcək.






