Rusiya Silahlı Qüvvələrinin Kiyevdə dinc əhalini hədəf alan növbəti hava hücumlarına cavab olaraq, Ukrayna Ordusu rəqibin dərinliklərindəki hərbi və logistik mərkəzlərinə qarşı irimiqyaslı və sarsıdıcı əməliyyat keçirib. Ukrayna Pilotsuz Qüvvələr Komandanlığının rəhbərliyi ilə həyata keçirilən xüsusi əməliyyat nəticəsində Rusiyanın strateji əhəmiyyətli hərbi obyektləri darmadağın edilib.
Pilotsuz uçuş aparatları (PUA) vasitəsilə eyni vaxtda bir neçə istiqamətdə həyata keçirilən zərbələr nəticəsində düşmənə məxsus çoxsaylı bahalı texnika və logistik infrastruktur sıradan çıxarılıb.
Ukrayna PUA-larının əsas hədəflərindən biri işğal altındakı Krım yarımadasının hərbi logistikası olub. Əməliyyat zamanı Azov dənizində hərəkətdə olan və Krımdakı Rusiya qruplaşmasına yanacaq daşıyan 2 ədəd strateji tanker dəqiqliklə vurulub.
Bununla yanaşı, yarımadanın logistik qovşağı hesab edilən Kerç neft bazasına da dağıdıcı zərbələr endirilib. Tankerlərin və neft bazasının hədəf alınması Rusiya ordusunun Krımdakı hərbi hissələrinin və zirehli texnikasının yanacaq təminatını ciddi şəkildə iflic edib.
Ukrayna ordusu təkcə logistikanı deyil, Rusiyanın hava məkanını qoruyan ən müasir sistemlərini də hədəf alıb. Keçirilən əməliyyat nəticəsində Krım yarımadasında Rusiyanın hava hədəflərini uzaq məsafədən aşkarlayan müasir “Nebo U” radiolokasiya stansiyası (RLS) sıradan çıxarılıb.
Eyni zamanda, Rusiyanın daxili vilayətlərinə doğru irəliləyən Ukrayna dronları Bryansk vilayətində yerləşən və Rusiyanın fəxr etdiyi 2 ədəd S-400 “Triumf” zenit-raket kompleksini mövqelərindəcə məhv edib. Bahalı və strateji sistemlərin sıradan çıxarılması Rusiyanın sərhəd və işğal zonalarındakı hava hücumundan müdafiə (HHM) çətirində ciddi boşluqlar yaradıb.
Hərbi ekspertlər qeyd edirlər ki, Ukrayna Pilotsuz Qüvvələr Komandanlığının bu gecəki kompleks əməliyyatı son dövrlərin en uğurlu kütləvi PUA hücumlarından biri hesab oluna bilər.
