Süni intellekt texnologiyalarının tətbiqi üzrə konkret istifadə ssenarilərinin araşdırılması və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Rəqəmsal kommersiya idarəsinin rəhbəri Vasif Məmmədov bildirib.
Onun sözlərinə görə, AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir: “Bu istiqamətdə azal.az veb-saytının və mobil tətbiqin genişmiqyaslı “UX/UI” transformasiyası layihəsinə başlanılıb. Məqsəd daha həssas naviqasiya, sürətli bronlaşdırma prosesi və fərdiləşdirilmiş istifadəçi ssenarilərinin formalaşdırılmasıdır. Bu layihədə xarici aviaşirkətlər ilə oxşar layihə həyata keçirmiş qlobal dizayn şirkəti ilə əməkdaşlıq edilir və beynəlxalq təcrübəyə əsaslanan istifadəçi təcrübəsini asanlaşdıran yeni dizayn yanaşması hazırlanır. Növbəti aylarda bu mərhələnin yekunlaşması və onun əsasında veb-saytın və mobil tətbiqin yeni versiyasının hazırlanması planlaşdırılır”.
V.Məmmədov vurğulayıb ki, cari il ərzində platformanın dayanıqlılığının və miqyasının genişləndirilməsi, ödəniş üsullarının artırılması və xarici bazarlarda genişlənmə istiqamətində işlər davam etdiriləcək: “Eyni zamanda süni intellekt texnologiyalarının tətbiqi üzrə konkret istifadə ssenarilərinin araşdırılması və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əsas diqqət istifadəçi davranışlarının daha dərin analitik təhlilinə, fərdiləşdirilmiş təkliflər və tövsiyə mexanizmlərinin inkişafına, dinamik kontent və kampaniyaların optimizasiyasına, eləcə də müştəri dəstəyi proseslərinin daha səmərəli və çevik qurulmasına yönələcək”.
