Yerli xalqların hüquqlarına hörmət, onların dilinin və tarixi yaddaşının qorunub saxlanması Qafqazda və Xəzər regionunda uzunmüddətli sabitliyin və sülhün əsasını təşkil edir.
Bu barədə Litvada Dünya Çərkəz Şurasının həmtəsisçisi və sədri Fatimat Kardanova-İanonene “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirədə bildirib.
Onun sözlərinə görə, repatriasiya qlobal dekolonizasiya prosesinin təbii və ayrılmaz hissəsi kimi nəzərdən keçirilməlidir:
“Biz dost dövlətləri, beynəlxalq institutları və Qafqaz xalqlarını çərkəz xalqının deportasiyanın nəticələrinin aradan qaldırılması və tarixi Vətənlə əlaqələrin bərpa edilməsi hüququna zəmanət verən dinc hüquqi mexanizmlərin yaradılmasına kömək etməyə çağırırıq”, – o deyib.
Şura rəhbəri qeyd edib ki, etnik-mədəni qayıdış keçmişə qayıtmaq demək deyil.
“Bu, utopiya və ya mövcud sərhədlərə yenidən baxmaq cəhdi deyil. Söhbət Qafqazda müstəmləkə təcrübələrindən azad olan, yerli xalqların hüquqlarının beynəlxalq hüquqla etibarlı şəkildə qorunacağı müasir, açıq və təhlükəsiz məkanın yaradılmasından gedir”, – o bildirib.
Sədrin sözlərinə görə, Dünya Çərkəz Şurası dialoq, ekspert analizi və Qafqaz regionunun konstruktiv qüvvələrinin və xalqlarının səylərinin birləşdirilməsi üçün platforma olmağa çalışır.
“Çərkəz məsələsi imperiya mərkəzlərinin mədəni müxtəlifliyə əsl münasibətini göstərir. Xalqımızın tarixi sübut edir ki, tarixi travmaların və ədalətsizliyin köhnəlmə müddəti yoxdur. Milli mənlik şüuru və azadlıq istəyi qorunub saxlanıldığı müddətcə xalqı tarix xəritəsindən silmək və ya onu assimilyasiya etmək cəhdləri iflasa məhkumdur”, – Fatimat Kardanova-İanonene vurğulayıb.
O əlavə edib ki, çərkəz xalqının təcrübəsi XXI əsrdə etnik-mədəni müxtəlifliyi qorumaq üçün dekolonizasiyanın beynəlxalq hüquq və siyasi mexanizmlərinin zəruriliyini sübut edir.
