“ABŞ-nin Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində tətbiq etdiyi məhdudiyyətləri və sanksiyaları aradan qaldırması, iki ölkə arasında qarşılıqlı etimadın yenidən bərpa olunması baxımından mühüm addım ola bilər”.
Bu sözləri açıqlamasında türkiyəli politoloq İsmail Cingöz deyib.

O bildirib ki, belə bir qərar yalnız Türkiyənin ehtiyac duyduğu bəzi müdafiə sistemlərinə çıxışını asanlaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda NATO-nun cənub cinahının gücləndirilməsinə və alyansın çəkindiricilik potensialının artırılmasına da töhfə verə bilər:
“Türkiyə baxımından qiymətləndirildikdə, müasir döyüş təyyarələri, mühərrik texnologiyaları, elektron müharibə sistemləri və müxtəlif müdafiə avadanlıqlarına çıxışın asanlaşması Türkiyə Silahlı Qüvvələrinin modernləşmə prosesini sürətləndirə bilər. Bununla yanaşı, müdafiə sənayesi sahəsində birgə istehsal, texnologiya transferi və sənaye əməkdaşlığının yenidən canlanması üçün də əlverişli zəmin yarana bilər. Həmçinin, son illərdə Türkiyənin milli müdafiə sənayesində əldə etdiyi mühüm nailiyyətlər nəzərə alındıqda, Ankaranın artıq tam şəkildə xarici asılılığa əsaslanan siyasət yürüdəcəyi gözlənilmir.
Vaşinqton baxımından isə bu proses yalnız iqtisadi və ya kommersiya xarakteri daşımır, həm də mühüm strateji əhəmiyyət kəsb edir. ABŞ Türkiyənin NATO daxilində rolunun daha da güclənməsini, Qara dəniz, Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarında Qərblə daha sıx koordinasiya şəraitində fəaliyyət göstərməsini arzulaya bilər. Eyni zamanda, Rusiya ilə müdafiə sahəsində əməkdaşlığın məhdudlaşdırılması, sanksiyalara səbəb olmuş bəzi sistemlərin yenidən nəzərdən keçirilməsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərində olduğu kimi alyansdaxili həmrəyliyin qorunması və regional böhranlarla bağlı daha sıx məsləhətləşmə mexanizmlərinin işlədilməsi Vaşinqtonun əsas prioritetləri sırasında yer ala bilər.
Lakin Türkiyənin son illərdə həyata keçirdiyi xarici siyasət kursu “strateji muxtariyyət” prinsipinə əsaslanır. Bu səbəbdən Ankaranın hər hansı müdafiə sazişini birtərəfli güzəştlər əsasında deyil, qarşılıqlı maraqlar, suveren bərabərlik və “qazan-qazan” prinsipi çərçivəsində qiymətləndirəcəyi qənaətinə gəlmək olar” – analitik vurğulayıb.
O bildirib ki, nəticə etibarilə, ABŞ-nin müdafiə sahəsində tətbiq etdiyi sanksiyaları ləğv etməsi Türkiyə-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola biləcək mühüm addım kimi qiymətləndirilə bilər:
“Bununla yanaşı, bu prosesin uzunmüddətli və dayanıqlı nəticələr verməsi tərəflərin bir-birinin təhlükəsizlik həssaslıqlarını nəzərə alan, qarşılıqlı etimada söykənən və strateji tərəfdaşlığı yenidən formalaşdıran yanaşma nümayiş etdirməsindən asılı olacaq”./oxu.az
