Azərbaycanda 2026-cı ilin 5 ayı üçün əhali artımı ilə bağlı statistika açıqlanıb: 2026-cı ilin 1 iyununa qədər olan məlumata görə (yəni ilin ilk 5 ayında), əhali artımı cəmi 9287 nəfər təşkil edib.
Bu hesabla ilin sonuna, yəni 2026-cı il üçün əhali artımını 22 min civarında gözləmək olar.
2025-ci ildə əhali artımı 37.462, 2024-cü ildə isə 44.119 nəfər idi.
Demək ki, əgər ötən il əhali artımında azalma təxminən 7 minə yaxın olmuşdusa, bu il iki dəfədən də çox – 15,4 min olacaq.
Növbəti statistika daha dəhşətlidir: Bu ilin ilk beş ayında (yanvar-may) 15 107 nikaha daxilolma və 8 087 boşanma qeydə alınıb.
Bu hesabla il ərzində ən yaxşı halda 36,3 min nikah, 19,4 min boşanma ola bilər.
Azərbaycanda 2025-ci il ərzində 48 546 nikah qeydə alınıb, boşanmaların sayı isə 20 675 təşkil edib.
2024-cü ildə isə 49 508 nikah və 21 384 boşanma halı qeydə alınıb.
Yenə də statistika 2026-da azalmada sıçrayışı əks etdirir: 2024 və 2025 arasında nikah sayında 1000 azalma vardısa, 2026-da bu rəqəm 12 mindən çox ola bilər. Əvəzində isə boşanma sayı cüzi azalıb və nəticə etibarilə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.
Bu nikah və boşanma saylarına görə gələn ilin əhali artımı ən yaxşı halda birrəqəmli ola bilər, ən pis halda isə əhali azalması başlayacaq.
Çox ciddi demoqrafik problemlə üz-üzəyik./axar.az
