İran, əgər Tehranın özü belə imkana malik olmayacaqsa, regionda heç kimin neft satmasına icazə verməyəcək.
Bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf bildirib.
“Regionda bizim neft satmayacağımız yerdə heç kim neft satmayacaq. Əgər bizim təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazının təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin olmadığı halda mümkündür”, – deyə o, bildirib.
Qalibaf vurğulayıb ki, ABŞ ilə münaqişədə yaranmış vəziyyətin məntiqi belə bir qaydaya gəlib çıxıb: “Ya hamısı, ya heç kim!”.
Xatırladaq ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ABŞ Silahlı Qüvvələri ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab verdiyini bildirərək İran ərazisində bir neçə hədəfə zərbələr endirib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
