Pərviz Heydərov yazır…
Ölkədə ərzaq təhlükəsizliyini gücləndirmək və idxalı əvəzetmə siyasətini dəstəkləmək məqsədilə buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialını artırmaq, məhsuldarlığı yüksəltmək, intensiv istehsal üsullarını tətbiq etmək və dövlət dəstəyi mexanizmlərini nəticəyönümlü şəkildə təkmilləşdirmək haqqında Maliyyə Nazirliyinin açıqlaması əslində, tək bir qurumun deyil, bütövlükdə hökumətə aid bir neçə qurumun birgə şəkildə həyata keçirməli olduqları vəzifə xarakterli iş sayılır.
Qeyd edim ki, adıçəkilən məhsulların demək olar, heç biri üzrə yerli istehsal və tədarük tələbatı tam olaraq ödəmir. Məsələn, buğda sarıdan vəziyyət əzəldən belədir. Tələbat təqribən 3 milyon ton təşkil edir ki, yerli istehsal bunun yalnız 60%-ni qarşılayır və ona görə də xaricdən hər il 2 milyon tona yaxın buğda idxal edirik.
Ət və süd üzrə isə vəziyyət əvvəl yaxşı olsa da (az qalırdı 100% özümüzü təmin edirdik), son illər ərzində pambıqçılığın inkişafı və bir sıra digər islahatlarla əlaqədar örüş yerlərinin azalması, yem məhsullarının bahalaşması ilə əlaqədar özünütəminetmə səviyyəsi təqribən 80% civarına düşmüş, süd üzrə də vəziyyət demək olar ki, eyni vəziyyət almışdır.

Başqa sözlə desəm, adıçəkilən məhsullar üzrə özünütəminetmə sarıdan kifayət qədər böyük potensial mövcud olsa da, heyvandarlıq sahəsində məhsuldarlıq aşağı səviyyəyə düşüb. Balıq və bitki yağlarına gəldikdə isə, bu növ məhsullar üzrə də idxalsız keçinmək mümkün deyil. Xüsusən də, bitki yağları üzrə…
Ümumiyyətlə, Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin mayın 25-də kənd təsərrüfatı məsələlərinə dair keçirilən müşavirədə də açıq qeyd edildi ki, kənd təsərrüfatında son dövrlər ərzində durğunluq yaranıb. Odur ki ölkə başçısı sözügedən sahənin inkişafına dair Prezident Administrasiyası ilə Hökumətə özündə həm dövlət, həm də özəl sektordan investisiya cəlbini nəzərdə tutan hərtərəfli, əhatəli yeni bir Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıq verdiyini bildirdi.
Məlum olduğu kimi elə müşavirədən dərhal sonra da müvafiq sərəncamla “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiqini tapdı. Lakin qeyd olunan sənədlə bağlı vurğulayım ki, hər hansı bir sahəyə dair qəbul edilən Dövlət Proqramı sənədini uğurla icra etmək üçün tələb olunan birinci şərt, ilk növbədə, həmin sahədə məhz inkişafa mane olan və yaxud onu məhdudlaşdıran amil və cəhətləri aşkarlayaraq ortaya çıxarmaqdan ibarət olmalıdır.
Yuxarıda da qeyd etdim ki, Maliyyə Nazirliyinin açıqlamasında adıçəkilən hər bir məhsul üzrə özümüzü təmin etmək üçün kifayət qədər potensial mövcuddur. Bəs maneə yaradan nədir? İstehsal və yaxud tədarük niyə azdır? Ölkəmizdə aqrar sektorda indiyədək həyata keçirilən dəstəyə uyğun olaraq müvafiq inkişaf səviyyəsinin əldə olunmamasına əsas səbəb və amil rəqabətsizlik şəraitidir. Ona görə də, maya dəyəri və idxal ciddi təzyiq yaradır. Bazara rahat çıxış, satışdan əldə edilən qazanca maraq olarsa, kəndli öz həyətindən də pul çıxara bilər. Əsas məsələ budur.
Məsələn, bilavasitə buğda istehsalına toxunaraq qeyd edim ki, bu il mayın 25-dəki müşavirədə ölkə başçısı bildirdi ki, bizim özümüzü buğda ilə təminetmə əmsalı əfsuslar olsun ki, dəyişmir.
“Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq, çox böyük təkan verilib, bir çox aqroparklar yaradılıb”, – deyə Prezident həmin müşavirədə dedi və əlavə etdi ki, idxalı azaltmalıyıq.
Qeyd olunan məsələyə ona görə toxunuram ki, ölkəmizdə dövlət tərəfindən aqrar sahədə ən çox dəstək görən, əkini-biçini və tədarükü stimullaşdırılan məhz taxıl istehsalı olub və olaraq da qalır. Effektivlik ona görə aşağıdır ki, bu sahə, ilk gündən torpaqların və sairənin icarəyə cəmləşdirilməsi hesabına xırda təsərrüfat sahiblərin əlindən çıxdı. Buğda əkini-biçini ilə iri fermer və yaxud da imkan sahibləri məşğul olmağa başladılar.
Beləliklə də, bu sahə də rəqabət şəraitindən kənarda qaldı.
Ümumiyyətlə, ölkədə aqrar sahənin qeyri-müasir səviyyədə inkişaf etməsi, müasir tələblərə uyğun vəziyyətdə olmaması yüksək əməktutumluğu ilə əlaqədardır ki, bu, effektivsizlik göstəricisi sayılır. İşçi qüvvəsinin az, məhsuldarlığın isə yüksək olduğu sahələrdə texnologiyalardan, mexanizasiyadan və elmi təcrübələrdən istifadənin qənaətbəxş səviyyədə olduğunu demək mümkündür.
Ona görə də hesab edirəm, Maliyyə Nazirliyinin açıqlamasında sadalanan məhsullar sarıdan ölkənin ərzaq təhlükəsizliyini gücləndirmək və idxalı əvəz etmək məqsədilə birincisi, obyektiv xarakter daşıyan sudur və torpaq problemidir, yem və toxum xərcləridir, dövlət tərəfindən daimi olaraq nəzarətə götürülməklə həllini tapmalı, ikincisi, bir sıra istiqamətlərdə mövcud subsidiya siyasəti dəyişməlidir, – dövlət tərəfindən xərclənən hər 1 manat üzrə effektlilik səviyyəsi diqqət mərkəzinə alınmalı, üçüncüsü, əməktutumluğu ilə məhsuldarlıq göstəricilərinin inkişafında tərsmütənasibliyin dərinləşməsi mühüm hədəfə çevrilməli, dördüncüsü isə istənilən sahədə bolluğa gedən yolun rəqabət şəraitinin təşkili amilindən keçdiyi nəzərdən qaçırılmamalıdır.
Maliyyə Nazirliyinin funksiyası pul ayırmaq və bunun effektliliyinə nəzarət etməkdir, – ərzaq təhlükəsizliyinin təmini isə təkrar edirəm ki, bütün hökumətin işidir./oxu.az
