Bakıda son dövrlər fəaliyyətini dayandıran restoran, kafe və mağazaların sayı diqqət çəkir. Xüsusilə bəzi obyektlərin üzərində “bağlanırıq”, “bağlanır” kimi elanların yerləşdirilməsi, geyim mağazalarında isə məhsulların “mağaza bağlandığı üçün” endirimlə satışa çıxarılması diqqətdən yayınmır.
Cəmiyyətdə bu vəziyyət əsasən iqtisadi çətinliklər, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və biznes xərclərinin artması ilə əlaqələndirilir.
Bəs obyektlərin bağlanmasının əsas səbəbləri nələrdir?
İqtisadçı Fuad İbrahimov bildirib ki, xüsusilə yaşayış binalarının altında fəaliyyət göstərən kafe və restoranların özünəməxsus problemləri var:
“Belə obyektlər, xüsusilə mikrorayonlarda və yaşayış binalarının altında yerləşən kafelər yay aylarında müəyyən çətinliklərlə üzləşirlər. Çünki insanlar əvvəlki kimi bu məkanlara üz tutmurlar. Digər tərəfdən, belə obyektlərin açılması zamanı biznesin institusional və peşəkar tərəfləri də nəzərə alınmalıdır. Bəzən insanlar qonşuluqdakı restoranın yaxşı işlədiyini, gəlir əldə etdiyini görür və düşünür ki, özü də restoran açsın. Lakin biznesin mahiyyətini və idarəetmə prinsiplərini bilmədən bu sahəyə daxil olmaq düzgün deyil. Obyekt uğursuz yerdə yerləşə bilər. Amma onu idarə edən şəxs peşəkar menecerdirsə, dünyanın müxtəlif yerlərindən müştəri cəlb edə bilər. Bu baxımdan, təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan obyektlərin bağlanması müəyyən mənada təbii prosesdir”.
İqtisadçının sözlərinə görə, bu sahəyə daxil olan sahibkarların bir qismi biznesin idarə olunması ilə bağlı kifayət qədər təcrübəyə malik deyil:
“İşini bacaran da, bacarmayan da biznesə başlayır. İnsanlar görürlər ki, hansısa sahə gəlirlidir və həmin biznesə daxil olurlar. Bir müddət fəaliyyət göstərir, obyektə təmir qoyur, vəsait xərcləyirlər. Lakin sonda həm təmirə yatırılan pul, həm də obyektin özü sahibkarın əlində qala bilir. Çünki biznesi idarə etmək mümkün olmur.
Digər tərəfdən, pandemiyadan sonra istehlak davranışlarında da müəyyən dəyişikliklər müşahidə olunur. Əhalinin xərcləri artır. Ərzaq məhsullarının qiymətləri, müxtəlif xidmət və ödənişlər, telefon, dərman, müalicə və digər xərclər ailə büdcəsinə əlavə yük yaradır. Bu amillərin hər biri vətəndaşın ümumi xərclərini artırır”.
F.İbrahimov qeyd edib ki, ayrı-ayrılıqda böyük görünməyən xərclər ümumilikdə ailə büdcəsinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, bəzən restoranların dolu olduğunu görüb düşünürlər ki, insanların maddi vəziyyəti yaxşıdır:
“Əslində isə bu, bütün əhalini əks etdirmir. Restoranlara gedən müəyyən bir kateqoriya var və eyni insanlar müxtəlif məkanlarda müştəri kimi görünürlər. Əhalinin, məsələn, 10 faizi müəyyən restoranlara gedirsə, bu, bütün əhalinin vəziyyətinin yaxşı olması demək deyil. Belə şəraitdə təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan bizneslər fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər. Çünki obyekt sahibinin müştərisinin olub-olmaması icarəyə verən şəxsi maraqlandırmır. İcarə haqqı tələb olunur. Bu isə biznes üçün əlavə maliyyə yükü yaradır”.
Fuad İbrahimov
İqtisadçı mağazaların “bağlanırıq, hər şey ucuz satılır” tipli elanlarına da münasibət bildirib:
“Burada ticarət fəndlərindən istifadə edənlər də var. Məsələn, mağaza bağlanır və “hər şey qiymətindən ucuz satılır”, “yarı qiymətinə verilir” kimi elanlar paylaşılır. Bu məlumat istər-istəməz insanlarda maraq yaradır. Lakin bir çox hallarda bu, sadəcə ticarət fəndidir”.
Fuad İbrahimov elektron ticarət platformalarının inkişafı səbəbindən Bakı şəhərinin müxtəlif yerlərində yerləşən bir sıra obyektlərin gələcəkdə fəaliyyətini dayandıracağını düşünür. Ekspert bildirib ki, maksimum 10 ildən sonra bir çox obyektlərin fəaliyyətini dayandırdığını görəcəyik:
“Çünki onların əvvəlki formada fəaliyyət göstərməsi iqtisadi baxımdan sərfəli olmayacaq. İnsanlar tədricən anbarlara və evlərə çəkiləcək, həmin məkanların bir hissəsi şourum kimi istifadə olunacaq və məhsullar oradan təqdim ediləcək. Bakı şəhərinin qeyri-yaşayış əmlakı bazarında müəyyən boşluqların yaranmasının səbəblərindən biri də budur”.
Ekspert bildirib ki, ənənəvi ticarətin zəifləməsi yalnız Azərbaycana xas proses deyil:
“Bu prosesi Avropanın bir çox ölkələri də yaşayır. Məsələn, paltaryuyan maşın və ya soyuducu almaq üçün mağazaya gedərək onlarla məhsula baxmaq ənənəsi əvvəlki qədər geniş yayılmayıb. İnsan məhsulun şəklinə, texniki göstəricilərinə, ölçülərinə baxır, evində uyğun olub-olmadığını müəyyənləşdirir və sifariş verir. Bizdə də bu proses davam edəcək”.
F.İbrahimov restoran sektorunda da müəyyən dəyişikliklərin baş verəcəyini istisna etməyib. Bununla belə, onun sözlərinə görə, hər bir obyektin bağlanmasını həmin sahədə tələbin olmaması ilə əlaqələndirmək doğru deyil:
“Məsələn, həftədə dörd dəfə restorana gedən şəxs bunu bir və ya iki dəfəyə endirir. Çünki insanların başqa və daha böyük xərcləri, problemləri var. Bütün bunlarla yanaşı, proseslərin dövlət nəzarətinin gücləndirildiyi bir mühitdə baş verdiyini də nəzərə almaq lazımdır”./globalinfo.az

