Dünyanın ən böyük neft istehsalçılarından biri olan İran da Rusiya kimi ciddi yanacaq problemi yaşayır. ABŞ-nin dəniz blokadası Tehrandakı yanacaqdoldurma məntəqələrində uzun növbələrə səbəb olub.
Bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, İranda gündəlik 135 milyon litr benzin tələbatının 15 milyon litri çatışmır. Bu, 11%-dən çox çatışmazlıq deməkdir. Qeyd edək ki, Rusiyada vəziyyət daha pisdir. “Rystad Energy” şirkətinin məlumatına görə, emal həcmləri mövsümi normalardan üçdə bir qədər aşağıdır, çünki avqustun əvvəlindən bəri 10-dan çox neft emalı zavoduna hücum edilib, onlardan ən azı beşi fəaliyyətini dayandırıb, bəzi digər zavodlar isə iyun-iyul aylarında Ukraynanın bombardman dalğasından sonra fəaliyyətini bərpa etməyib.
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, Rusiya iyul ayında OPEC+ kvotasının 9,82 milyon barelinə qarşı gündə 8,76 milyon barel xam neft istehsal edib. Lakin emal gücünün itirilməsi səbəbindən o, təkcə yanacaq ixracını qadağan etməklə kifayətlənməyib, həm də Hindistan, Mərakeş və Türkiyədən yanacaq almağa başlayıb, Belarusdan benzin idxalını isə 25 dəfə artırıb.
İranda da bəzi neft emalı zavodları bu yaz hərbi əməliyyatların əvvəlində İsrail və Amerikanın zərbələri nəticəsində zərər görüb. Bundan əlavə, gündə 2,6 milyon barel xam neft istehsal edən İranın kifayət qədər emal gücü yoxdur. Buna görə də benzinin əhəmiyyətli bir hissəsi idxal olunurdu, lakin ABŞ-nin 14 iyulda yenidən tətbiq etdiyi dəniz blokadası səbəbindən bu, demək olar ki, mümkün deyil.
ABŞ Maliyyə naziri Skott Bessent dünən bildirib ki, İrana qarşı iqtisadi müharibənin bir hissəsi olaraq, Tehrana pul yumağa və ya sanksiyalardan yayınmağa kömək edən təşkilatlar “ABŞ maliyyə sistemindən kəsilə bilər”. Eynilə, Fransa Prezidenti Emmanuel Makron da müttəfiqlərinin Rusiyaya yanacaq tədarükünü dayandırmasını təklif edib.
İranın yanacaq çatışmazlığı həm də benzinin olduqca ucuz qiymətinin dövlət subsidiyalar sistemi hesabına təmin edilməsindən irəli gəlir. FT qeyd edir ki, son aylarda strateji ehtiyatlarını aktiv şəkildə istifadə etməyə məcbur olan İran hökuməti, rialın tarixi minimuma düşməsi və müharibə ilə əlaqəli problemlər səbəbindən həmin subsidiyaları təmin etməkdə çətinlik çəkir.
İran prezidenti Məsud Pezeşkian bundan öncə benzinin bazar qiymətlərindən aşağı satılmasının hökuməti ərzaq və işçilərə dəstək subsidiyaları üçün lazım olan resurslardan məhrum etdiyini bildirmişdi: “Kim deyib ki, hökumət benzini litri 1,3 milyon riala alıb sonra 15.000 riala satmalıdır?”.
Lakin benzini ucuz satmağa məcbur olan hökumət onu bahalaşdırmağa da qorxur. Çünki İran hələ də 2019-cu il hadisələrini unutmayıb. O zaman qəfil qiymət artımı böyük şəhərlərdə etirazlara səbəb olmuş və bu aksiyalar ölümlərlə nəticələnmişdi./azpolitika.info
