Avropa Komissiyası hesab edir ki, Avropa İttifaqı (Aİ) iqtisadiyyatının dayağı sayılan beş əsas üstünlüyünü itirib. Bunlara ucuz enerji idxalı, açıq qlobal ticarət, Çin bazarına çıxış, ABŞ-nin müdafiəsi və Qərbin texnoloji liderliyi daxildir.
Lenta.ru xəbər verir ki, Ursula fon der Lyayenin çıxışı Avropa Komissiyasının saytında dərc olunub.
Onun sözlərinə görə, Aİ-nin ciddi islahatlara ehtiyacı var. 2029-cu ilə qədər bütün şirkətlər üçün inzibati yük 25%, kiçik və orta sahibkarlıq subyektləri üçün isə 35% azaldılmalıdır. Həmçinin qanunvericiliyə yenidən baxılması, təkrarlanan tələblərin aradan qaldırılması və icazələrin verilməsi prosesinin sürətləndirilməsi tələb olunur.
Əsas problemlərdən biri Çinlə bağlıdır. Aİ “riskləri azaltmaq, amma əlaqələri kəsməmək” prinsipinə sadiq qalacaq. Avropalılar mövcud disbalansla barışmaq niyyətində deyillər. Son beş il ərzində Çindən idxalın həcmi 45% artsa da, Aİ-nin Çinə ixracı azalmaqdadır. Ticarət kəsiri gündəlik olaraq, demək olar ki, 1 milyard avroya çatıb və ilin əvvəlindən bəri daha 10% artıb.
Çin şirkətlərinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdəki şirkətlərlə müqayisədə səkkiz dəfə çox subsidiya aldığı da vurğulanıb.
Bununla yanaşı, Aİ sənayesinin yarıdan çoxu Çin rəqabətindən əziyyət çəkir. Avropanın bir çox kritik xammal növləri üzrə xarici asılılığı 80%-i, nadir torpaq elementləri üzrə isə 90%-i ötür. Bu vəziyyət təzyiq vasitəsi kimi istifadə oluna bilər.
Mövcud vəziyyətə cavab olaraq Ursula fon der Lyayen iqtisadi təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan sahələrdə – xammal, akkumulyatorlar, yarımkeçiricilər, bulud texnologiyaları və məlumatlar üzrə qoruyucu vasitələrdən daha fəal istifadə etməyə çağırıb.
Eyni zamanda, o, bərpaolunan enerji mənbələri (BƏM) və atom enerjisi də daxil olmaqla, Aİ daxilində aşağı karbonlu enerji istehsalının artırılmasının vacibliyini qeyd edib./oxu.az
