Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlayıb.
İxtisas seçimi avqustun 28-dən sentyabrın 2-si saat 23:59-dək aparılır.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Bəs boş plan yerlərinə qəbul şansını artırmaq üçün ixtisas seçimi necə edilməlidir? Abituriyentlər ən çox hansı səhvlərə yol verirlər?
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli bildirib ki, ali təhsil müəssisələrində qəbul faizi 97 faizdən yuxarı olub və plan yerlərinin təxminən 3 faizi boş qalıb.
Onun sözlərinə görə, boş plan yerləri üzrə seçim zamanı rəqabət kifayət qədər yüksək olacaq:

“Ən gərgin keçən boş qalan yerlərin ixtisas seçimi 3-cü qrup üzrədir. Burada cəmi 5 plan yeri qalıb.Söhbət kitabxanaçılıq və informasiya təminatı ixtisasından gedir. Bu ixtisas Bakı Dövlət Universitetində tədris ingilis dilində aparılır. Düşünürəm ki, bununla bağlı yalnız balı 300-400-dən yuxarı olan abituriyentlər seçim etsələr, bəlkə şansları ola bilər.
Ümumi şəkildə 100 nəfərdən çox gəncimiz yüksək bal toplamalarına baxmayaraq, yanlış seçim etdiklərinə və ya istəmədikləri ixtisasda oxumaq istəmədiklərinə görə müsabiqədən kənarda qalıblar. Nəzərə almaq lazımdır ki, boş qalan plan yerlərində bu gənclər də iştirak edəcəklər. Ona görə də rəqabət daha da gərgin keçəcək.
1-ci ixtisas qrupunda riyaziyyat-informatika alt qrupunda vəziyyət 3-cü ixtisas qrupundakı kimidir. Bakı Ali Neft Məktəbində qalan ixtisaslar var və orada da bu ixtisasların keçid balı 600-dən yuxarıdır. 1-ci və 2-ci ixtisas qruplarının riyaziyyat-kimya altqruplarında vəziyyət digər qruplara nisbətən yaxşı olsa da, yenə də abituriyentlər ciddi şəkildə seçim etməlidirlər. 28 min nəfərə yaxın abituriyent ümumi şəkildə müsabiqə vəziyyətindən kənarda qalıb və onların hər biri ixtisas seçimində boş qalan plan yerlərində iştirak edəcəklər.
Həmçinin abituriyentlər universitetlərdə olan boş plan yerləri ilə yanaşı, 11 illik təhsil bazasında kolleclərə də ixtisas seçimi edə bilərlər. Bunun üçün portal vasitəsilə kolleclərin ixtisaslarını da seçimə əlavə etmək mümkündür.
Ümumilikdə müsabiqə vəziyyəti nə qədər gərgin keçsə də, düşünürəm ki, qəbul faizi artıq 1,5 faiz də arta bilər”.
Ə.Həsənli qəbul prosesində başqa bir uyğunsuzluğun da olduğunu bildirib:
“28 avqustdan 8 sentyabra qədər ali təhsil müəssisələrinə qəbul olan gənclərin “my.gov” platforması üzərindən qeydiyyatı aparılır.
Nəzərə alsaq ki, xaricdəki universitetlərə qəbul olan və ya ödəniş məsələsinə görə ali məktəblərdən imtina edən gənclər olacaq, bu zaman müəyyən həqiqi boş yerlər yaranacaq. Lakin həmin yerlər yanıb gedəcək. Çünki boş plan yerləri üzrə müsabiqə sentyabrın 2-dək davam edəcək. Buna görə də imtina nəticəsində boşalan yerləri digər abituriyentlər seçə bilməyəcəklər.
Fikrimcə, Dövlət İmtahan Mərkəzi bu mexanizmə də düzəliş etməlidir. Yüzlərlə gənc qəbul olduğu universitetdən imtina edərsə, boş qalan yerlərə digər abituriyentlər və ya subbakalavrlar üçün müəyyən şanslar yaradıla bilərdi. Yəqin ki, bu, vaxt məhdudiyyəti səbəbindən həyata keçirilmir. Amma düşünürəm, bu prosesdə öz-özlüyündə müəyyən boşluqlar var. Bu boşluqlar bu il də olmasa, gələn il aradan qaldırılmalıdır”./bakupost.az
