Orta Dəhliz üçün yalnız yüklərin hərəkətini izləməyə deyil, həm də mümkün gecikmələri və onların çatdırılma müddətinə təsirini proqnozlaşdırmağa imkan verəcək vahid rəqəmsal platformanın yaradılmasına ehtiyac var.
Bunu Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Həbibov Bakıda keçirilən “V Qara dəniz-Xəzər Logistika Forumu 2026″da deyib.
Onun sözlərinə görə, belə bir platforma Orta Dəhlizin müxtəlif sahələrində yüklərin hərəkəti barədə məlumatları birləşdirə və daşıma müddətlərinə təsir edə biləcək amilləri, o cümlədən Xəzər dənizindəki hava şəraitini nəzərə ala bilər: “Biz bilirik ki, Xəzərdəki hava şəraiti də daşıma müddətlərinə təsir edə bilər, buna görə də gecikmələri də proqnozlaşdırmalıyıq. Bu halda, bu, müştərilərə öz daşımalarını daha yaxşı planlaşdırmağa imkan verəcək və bu da, əlbəttə ki, bu dəhlizə inamı artıracaq”.
O qeyd edib ki, rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasının əsas alətlərindən birinə çevrilməlidir: “Çünki yük göndərənlər üçün yalnız yükün cari yerləşdiyi yeri görmək imkanı deyil, həm də onun təyinat məntəqəsinə nə vaxt çatdırılacağını əvvəlcədən bilmək vacibdir”.
K.Həbibovun sözlərinə görə, proqnozlaşdırma daşıma prosesinin iştirakçılarına dəyişikliklərə daha operativ reaksiya verməyə və logistikaya dair planlara əvvəlcədən düzəlişlər etməyə imkan verəcək.
O əlavə edib ki, belə bir rəqəmsal infrastrukturun yaradılması ölkələr və nəqliyyat zəncirinin bütün iştirakçıları – dəmir yolu operatorları, limanlar, ekspeditorlar, gömrük orqanları və digər qurumlar arasında koordinasiya tələb edir.
