Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin avqust ayı üzrə hesabladığı daşınmaz əmlak indeksləri bazarın ayrı-ayrı seqmentlərində fərqli dinamikanın formalaşdığını göstərir.
Palatadan Marja.az-a verilən məlumatına görə, avqustda mənzil satışında əsasən sabitlik və zəif korreksiya, kirayə bazarında seçici artım, torpaq və fərdi yaşayış evləri seqmentlərində qiymətlərin nisbətən sabit qalması, kommersiya daşınmaz əmlakında isə əvvəlki aylardakı enişdən sonra balanslaşma meyli müşahidə olunub.
Köhnə tikili mənzillərin satış indeksi avqustda 104,2, yeni tikililərin satış indeksi isə 105,0 təşkil edib. Köhnə tikili mənzillər üzrə median qiymət 2 625 AZN/m² olub. Bu, iyul ayı ilə müqayisədə 0,4% artım deməkdir. Beləliklə, seqmentdə aylıq qiymət dəyişimi minimal səviyyədə qalıb.
Yeni tikili mənzillərdə median qiymət 2 771,7 AZN/m² təşkil edib. İyulla müqayisədə qiymətlər 1,4% azalıb. Bununla belə, yeni tikililərin qiymət səviyyəsi 2025-ci ilin dekabrında müəyyən edilmiş baza göstəricisindən 5% yüksəkdir. AQP bu dəyişimi kəskin ucuzlaşmadan daha çox iyul ayındakı artımdan sonra baş verən mülayim korreksiya kimi qiymətləndirir.
Kirayə bazarında isə mənzillərin satış seqmentindən fərqli dinamika qeydə alınıb. Köhnə tikili mənzillərin kirayə indeksi avqustda 107,0-a yüksəlib. Median kirayə qiyməti 10,70 AZN/m² təşkil edib ki, bu da iyulla müqayisədə 1,9% artım deməkdir. AQP-nin məlumat bazasında 4 213 təmizlənmiş elan yer alıb.
Yeni tikili mənzillərin kirayə indeksində də artım qeydə alınıb. İyulda 97,8 olan indeks avqustda 98,8-ə yüksəlib. Median kirayə qiyməti 10,70 AZN/m², median aylıq kirayə haqqı isə 950 AZN olub. Bununla belə, yeni tikili mənzillərin kirayə indeksi 2025-ci ilin dekabrında müəyyən edilmiş baza səviyyəsindən 1,2% aşağıdır.
AQP-nin təhlilinə əsasən, yeni tikili mənzillərdə ən yüksək kirayə qiymətləri Xətai, Səbail, Nərimanov və Nəsimi rayonlarında formalaşıb. İkiotaqlı mənzillər isə bazarda ən geniş təklif olunan kateqoriya olaraq qalır. Bu tip mənzillər üzrə median kirayə qiyməti 11,40 AZN/m² təşkil edib.
Fərdi yaşayış evlərinin satışında avqust ayı ərzində ciddi qiymət dəyişimi baş verməyib. AQP Fərdi yaşayış evləri indeksi 101,0 təşkil edib. İyulla müqayisədə indeks 0,1% azalıb. Bu seqmentdə median elan qiyməti 195 min AZN olub. Təkliflərin əsas hissəsi Xəzər, Abşeron və Sabunçu rayonlarının payına düşüb.
Fərdi yaşayış evlərinin kirayə bazarında isə median qiymətdə nəzərəçarpan dəyişiklik baş verib. Avqustda median kirayə qiyməti 10 AZN/m², indeks isə 133,3 təşkil edib İyulla müqayisədə indeks 36,4% azalıb. AQP bildirir ki, bu göstəricini bütün fərdi yaşayış evlərinin kirayə qiymətlərinin eyni nisbətdə ucuzlaşması kimi şərh etmək düzgün deyil.
Palatanın qiymətləndirməsinə görə, avqustda daha aşağı qiymətlə yeni təkliflərin bazara daxil olması və yay mövsümünün başa çatması ilə elan strukturunun dəyişməsi median göstəriciyə ciddi təsir edib.
Torpaq bazarında da iyul ayında qeydə alınmış artımdan sonra avqustda zəif korreksiya müşahidə olunub. Bakı üzrə avqust ayında median torpaq qiyməti 16 123,6 AZN/sot, AQP Torpaq indeksi isə 120,9 təşkil edib. Aylıq müqayisədə qiymət 1,5% azalsa da, göstərici 2026-cı ilin aprelində müəyyən edilmiş baza səviyyəsindən 20,9% yüksəkdir.
Bu səbəbdən orta qiymətlə median göstərici arasında əhəmiyyətli fərq yarana bilir. Kommersiya daşınmaz əmlakının satış seqmentində iyul ayındakı enişdən sonra avqustda cüzi artım qeydə alınıb.
Satış indeksi 97,7, median satış qiyməti isə 2 850,5 AZN/m² olub. Aylıq artım 0,7% təşkil edib. Bununla belə, indeks 2025-ci ilin dekabrında müəyyən edilmiş baza səviyyəsindən 2,3% aşağıdır.
Kommersiya obyektlərinin kirayəsində isə azalma davam edib. Avqustda median kirayə qiyməti 14,62 AZN/m², AQP İcarə indeksi isə 95,8 təşkil edib. İyulla müqayisədə indeks 1,3%, 2025-ci ilin dekabr baza dövrü ilə müqayisədə isə 4,2% aşağı düşüb.
İndikativ qiymət uyğunlaşması göstəricisinin 13,9%-ə yüksəlməsi təklif qiymətlərinin bazar səviyyəsinə uyğunlaşdırılması zərurətinin artdığını göstərir. Daşınmaz əmlak bazarının avqust dinamikasında tikinti xərclərinin dəyişməsi də mühüm amil olub.
AQP Tikinti İndeksi iyuldakı 106,9 səviyyəsindən avqustda 110,1-ə yüksəlib. Aylıq artım 3,07% təşkil edib. Artım əsasən tikinti materialları alt indeksində qeydə alınıb. Əmək və maşın-mexanizm komponentlərində isə qiymət dəyişməyib.
AQP-nin qiymətləndirməsinə əsasən, avqust göstəriciləri daşınmaz əmlak bazarında vahid yüksəliş və ya eniş trendinin olmadığını göstərir. Seqmentlər üzrə qiymət davranışı fərqlənir və bazarda qiymətlərin formalaşmasında lokasiya, sahə, sənədləşmə, təmir vəziyyəti və likvidlik kimi amillərin rolu artır.
Palata hesab edir ki, tikinti xərclərinin artması yeni tikililərdə qiymətlərin aşağı istiqamətdə dəyişmə imkanını müəyyən qədər məhdudlaşdırır. Bu səbəbdən yaxın dövrdə yeni tikili mənzillərdə kəskin ucuzlaşmadan daha çox qiymətlərin sabitləşməsi və ayrı-ayrı layihələr üzrə fərqli dinamikanın formalaşması ehtimalı yüksəkdir.
AQP-nin qənaətinə görə, 2026-cı ilin payız aylarında daşınmaz əmlak bazarında əsas göstəricilərdən biri qiymət dəyişməsindən daha çox likvidlik olacaq. Bazar şərtlərinə uyğun qiymət müəyyən edən satıcıların obyektlərini daha qısa müddətdə reallaşdırması, yüksək qiymət gözləntisi ilə bazara çıxarılan əmlakların isə daha uzun müddət satışda qalması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası dövri olaraq daşınmaz əmlak, avtomobil və nəqliyyat bazarları üzrə indekslər açıqlayır.
