“Anewz” Ruben Vardanyanın azadlığa buraxılması istiqamətində aparılan beynəlxalq kampaniyanın strukturunu və onun arxasında duran hüquqi, lobbiçilik və kommunikasiya əlaqələrini açıq mənbələr əsasında araşdırıb.
Materialda kampaniyanın Ruben Vardanyan Xeyriyyə Fondu tərəfindən təqdim olunan platforma, beynəlxalq hüquqşünaslar, ABŞ-də qeydiyyatdan keçmiş lobbiçilər, diaspor təşkilatları və peşəkar kommunikasiya şirkətlərini əhatə etdiyi bildirilib.
Araşdırmada qeyd olunub ki, “Free Armenian Prisoners” kampaniya saytının şərtlərində platformanın Ruben Vardanyan Xeyriyyə Fondu tərəfindən təqdim edildiyi və saytdakı məlumatların həmin provayder tərəfindən yerləşdirildiyi göstərilir.
“Anewz” həmçinin ABŞ-nin Lobbiçilik Fəaliyyətinin Açıqlanması Aktı çərçivəsində təqdim edilmiş sənədlərə istinad edib. Sənədlərə görə, “Perseus Strategies” hüquq şirkəti 2024-cü ilin yanvarından Vardanyanın oğlu David Vardanyanın maraqlarını təmsil etmək üçün qeydiyyatdan keçib və fəaliyyətin məqsədi Ruben Vardanyanın azadlığa buraxılmasının təşviqi kimi göstərilib.
“Anewz”un hesablamasına görə, açıqlanan rəsmi hesabatlarda bu lobbiçilik fəaliyyəti üzrə ümumilikdə 75 min ABŞ dolları gəlir göstərilib. Materialda vurğulanır ki, bu məbləğ hüquqi və kommunikasiya xərclərinin tam həcmini əks etdirmir.
Araşdırmada bildirilir ki, lobbiçilik fəaliyyəti çərçivəsində ABŞ Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurası ilə təmaslar həyata keçirilib.
Materialda, həmçinin “Edelman Global Advisory” və “H/Advisors” şirkətlərinin əməkdaşlarının müxtəlif vaxtlarda Vardanyanla bağlı yayılmış press-relizlərdə media əlaqələndiricisi kimi göstərildiyi qeyd olunur.
“Anewz” yazıb ki, hüquqi müdafiə, diaspor fəaliyyəti, lobbiçilik, beynəlxalq humanitar təşəbbüslər və media kampaniyası bir-biri ilə kəsişən vahid kommunikasiya ekosistemi formalaşdırıb.
Bununla yanaşı, vurğulanıb ki, açıq mənbələrdəki bu əlaqələr bütün iştirakçıların vahid mərkəzdən maliyyələşdirildiyini və ya idarə edildiyini sübut etmir./Qafqazinfo.az
