İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.
Marja xəbər verir ki, Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.
Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Bu sahədə xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması, innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Yeni mexanizmin sahibkarlığın inkişafına cavabdeh qurumların iştirakı ilə birgə müzakirəsi və formalaşdırılması yekun sənədin daha əhatəli hazırlanmasına imkan verəcəkdir.
İclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri üzrə təkliflər təqdim olunub, dövlət qurumlarının təmsilçilərinin təklif olunan yanaşmaya münasibəti dinlənilib, sualları cavablandırılıb.
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.

