Səhiyyə özəl sektora həvalə olunduqca, bəzi klinikaların fəaliyyətində şəffaflıq məsələsi daha qabarıq şəkildə üzə çıxır. Redaksiyamıza daxil olan növbəti şikayət də elə bu qəbildəndir.
Faktum.az-a müraciət edən Şikayətçi Restəmov Firudun Xanəhməd oğlu “Alliance Clinic”də 146 manat dəyərində tibbi xidmət alıb. Lakin ödənişin müqabilində vətəndaşa təqdim edilən sənəd qanunla nəzərdə tutulmuş nəzarət-kassa aparatının fiskal çeki deyil, sadə bir daxili kağız parçası olub. Vətəndaş ödənilən məbləğdən ƏDV-ni geri almaq istəyərkən acı reallıqla üzləşib: təqdim olunan qəbz elektron sistemdə, ümumiyyətlə, tanınmır və heç bir fiskal ID-yə malik deyil.


Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və Nağdsız hesablaşmalar haqqında Qanunun tələblərinə əsasən, əhali ilə nağd hesablaşmalar zamanı xidmət göstərən tərəf müştəriyə QR-kodu olan rəsmi kassa çeki təqdim etməyə borcludur. “Alliance Clinic”in vətəndaşa verdiyi formal qəbz isə bir neçə ciddi hüquqi və maliyyə suallarını doğurur. Əvvəla, ödəniş rəsmi kassa aparatından keçməyibsə, bu 146 manat klinikanın rəsmi gəlirlərində əks olunubmu, yoxsa “qara kassa”ya yönəldilib? İkincisi, əməliyyat rəsmiləşdirilməyibsə, deməli, həmin məbləğdən hesablanmalı olan vergilər və ƏDV payı dövlət büdcəsindən gizlədilir.
Bu addım eyni zamanda açıq-aşkar istehlakçı hüquqlarının tapdanmasıdır. Vətəndaş həm dövlətin ona tanıdığı ƏDV-ni geri almaq hüququndan məhrum edilir, həm də sabah göstərilən tibbi xidmətlə bağlı hər hansı fəsad yarandıqda hüquqi müstəvidə öz ödənişini və xidmət faktını sübut etməkdə çətinliklə üzləşir. Ortada konkret iddia və fakt varsa, deməli, xidmət göstərən müəssisənin maliyyə intizamı dərhal sınaqdan keçirilməlidir.
Məsələnin ciddiliyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən cavab gözləyirik: “Alliance Clinic”də nəzarət-kassa aparatlarının istifadəsi intizamı hansı vəziyyətdədir? Şikayətçi F. Restəmovun ödənişi üzrə rəsmi fiskal iz mövcuddurmu, yoxsa burada vergidən yayınma faktı var? Klinika tərəfindən vətəndaşa kassa çeki əvəzinə daxili qəbz təqdim edilməsi təsdiqini taparsa, hansı maliyyə sanksiyaları tətbiq olunacaq? Ümumiyyətlə, özəl tibb müəssisələrində vergi intizamına nəzarət yetərlidirmi, yoxsa bu sektor kölgə iqtisadiyyatının rahat sığınacağına çevrilir? Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olsaq da, fakt dəyişmir: çek yoxdursa, orada şəffaflıqdan söz gedə bilməz.
