Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 145 nəfərdən ibarət 25 ailə köçürülüb.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Birinci Qarabağ müharibəsi zamanı doğma yurdunu tərk etmək məcburiyyətində qalan Zeynəb Mustafayeva həmin ağır günləri belə xatırlayıb:
“Cəbrayıldan çıxanda yanımda həyat yoldaşım və üç azyaşlı uşağım var idi. Evdən heç bir əşya götürə bilmədik. Yolda uşağa verməyə bir içim suyumuz belə yox idi. Məcburi köçkünlük illərində Sumqayıtda yataqxanada yaşadıq. Şükürlər olsun ki, artıq doğma yurda qayıda bilirik”.
Onun sözlərinə görə, bu dəfə doğma torpağına həyat yoldaşı, oğlu və nəvələri ilə birlikdə qayıdır:
“Arzum doğma diyarımızda xeyirli, sağ-salamat yaşamaqdır. Prezidentimizə cansağlığı arzulayıram, əsgərlərimizi Allah qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Vətənimizə xoş və firavan günlər nəsib olsun”.





