İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ABŞ və İsrailin hərbi təzyiqləri fonunda çıxış edərək ölkəsinin təslim olmayacağını bəyan etdi. O, Trampın təhdidlərinə cavab olaraq İran xalqının “baş əyməyəcəyini”, təzyiq və sanksiyaların müqaviməti daha da artıracağını bildirdi.

Pezeşkian eyni zamanda “güc dilini” qəbul etmədiklərini, lakin təhdid olmadan dialoq və danışıqlara hazır olduqlarını açıqladı. İran liderinin çıxışındakı ən diqqətçəkən məqamlardan biri isə ölkəsinin nüvə proqramı ilə bağlı mövqeyi oldu. Pezeşkian İranın nüvə silahı istəmədiyini, lakin dinc nüvə texnologiyasından istifadə hüququndan imtina etməyəcəyini söylədi. O, İsrailin nüvə imkanlarına və İranın beynəlxalq yoxlamalara məruz qalmasına istinad edərək regionda ikili standartların mövcud olduğunu iddia etdi. “Biz özümüzü müdafiə etmək üçün heç kimdən icazə istəməyəcəyik” mesajını da verən Pezeşkian İranın hərbi təzyiqlə məcbur edilə bilməyəcəyini vurğuladı.
Nyu-Yorkdakı qarşıdurma yalnız iki liderin sərt ritorikası ilə məhdudlaşmır. Tramp bir gün əvvəl İran qarşısında ya razılaşma, ya da daha ağır hərbi nəticələr seçimi qoyduğunu bəyan etmişdi.
Ardınca isə ABŞ və İran nümayəndələri arasında aylar sonra ilk birbaşa təmaslardan biri baş verdi və tərəflər arasında fikir ayrılıqlarının qalmasına baxmayaraq diplomatik kanalın açıq olduğu bildirildi.
Pezeşkianın sərt çıxışı Tehran-Vaşinqton qarşıdurmasının yeni eskalasiya mərhələsinə keçəcəyindən xəbər verir, yoxsa bu, danışıqlarda İranın mövqeyini gücləndirmək üçün diplomatik gedişdir?
Siyasi şərhçi Azər Hüseynov baş verənləri belə şərh edib: “Son hadisələr bir daha onu deməyə əsas verir ki, hərbi güc ritorikası bir sıra hallarda problemlərin həllinə deyil, əksinə, problemlərin daha da dərinləşməsinə gətirib çıxara bilər. Ukrayna-Rusiya münaqişəsinin timsalında biz bunu aydın şəkildə görürük. 2022-ci ildən başlayan müharibə indiyədək tərəflər üçün ciddi itkilərlə müşayiət olunub və hələ də yekun siyasi nəticəyə gətirib çıxarmayıb. Bir tərəf ciddi iqtisadi sanksiyalara məruz qalıb, digər tərəf isə ərazilərinin bir hissəsini itirib. Eyni zamanda, müharibə milyonlarla insanın öz ölkəsini tərk etməsinə səbəb olub. Yəni hərbi qarşıdurmanın nəticəsi hər iki tərəf üçün ciddi iqtisadi, sosial və humanitar problemlərlə müşayiət olunur”.
Siyasi şərhçi eyni vəziyyətin Yaxın Şərqdə gedən proseslərdə də müşahidə olduğunu qeyd edib: “ABŞ ilə İran arasında Yaxın Şərqdə davam edən qarşıdurmanın əvvəlcə aktiv hərbi, daha sonra isə nisbətən passiv hərbi mərhələyə keçməsi hər iki tərəfi müəyyən mənada yorub və ciddi sıxıntılarla üz-üzə qoyub. İranın sənaye və hərbi obyektlərinə hava hücumları həyata keçirilib, İran ərazisi bombalanıb. Bunun müqabilində İran da ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirib. Azərbaycan mətbuatında yayılan məlumatlara görə, ABŞ tərəfi də hərbi itkilərlə üzləşib. Belə bir fonda İran Prezidenti Məsud Pezeşkianın çıxışı, təbii ki, müəyyən ideoloji və siyasi çalarlar daşıyır. O, ölkəsinin məğlub olmayacağını və müqavimət göstərəcəyini ifadə edir, eyni zamanda dünyadakı ikili standartları qabardır. Xüsusilə də Yaxın Şərqdə İranın əsas rəqiblərindən biri olan İsrailə ABŞ tərəfindən silah verilməsi məsələsini ön plana çıxarır. Bütün bunlar sərt ritorika kimi səslənsə də, prosesin yekununda problemin danışıqlar yolu ilə həll olunması zərurəti ortadadır. Əks halda, qarşıdurmanın daha da genişlənməsi regionun logistikasını, daşımaları, enerji marşrutlarını və ümumilikdə ölkələrin iqtisadi vəziyyətini ciddi şəkildə pisləşdirə bilər”./musavat.com
