Türkdilli ölkələr ani ödəniş sistemləri üzərindən özlərinin ödəniş platformalarının və ekosistemlərinin qurulması üzərində işləməlidir.
Bunu “Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” ilə bağlı tədbirdə bildirib.
O bildirib ki, bununla da bir ölkədəki elektron pul hesabı, rəqəmsal pulqabı və ya bank hesabı digər türk dövlətlərində heç bir maneəsiz və mümkün qədər rahat istifadə edilə bilər: “Digər tərəfindən ortaq texniki standartlar və ortaq API yanaşmaları, ISO standartları, açıq bankçılıq, QR və rəqəmsal identifikasiya üzərində işləyib uyğunlaşma yaratmaqla sərhədlərarası inteqrasiya xərclərini ciddi şəkildə azalda bilərik. Eyni zamda “regulatory passporting” dediyimiz, yəni lisenziyaların qarşılıqlı tanınması və sadələşdirilmiş bazara giriş məsələsidir”.
E.Abdullayev əlavə edib ki, bu, hər bir dövlətin suveren tənzimləmə səlahiyyətləri nəzərə alınmaqla həyata keçirilən uzunmüddətli bir prosesdir.
Onun sözlərinə görə, ölkələr arasında AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) və dələduzluqla mübarizə və kibertəhlükəsizlik üzrə əməkdaşlığın yaradılması da mühüm əhəmiyyət kəsb edir: “Bu addımlar regionda maliyyə texnologiyalarının inkişafına və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcək. Ödənişlərimiz sərhəd tanımır. Təəssüf ki, fırıldaqçılıq və maliyyə cinayətləri də sərhəd tanımır və biz türkdilli ölkələr olaraq buna qarşı birgə mübarizə apara bilərik. Nəhayət ortaq sandbox və regional pilot layihələri həyata keçirmək əməkdaşlığın daha bir istiqaməti ola bilər. Təşkilata daxil olan iki və yaxud üç ölkədə pilot layihələrlə başlamaq və uğurlu modeli genişləndirmək daha effektiv olardı”.
