“Tikinti materialları bazarında qiymətlər sürətlə artır”.
Bunu açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
O, qiymət artımına səbəb olan əsas amilləri açıqlayıb.
Ekspertin sözlərinə görə, bu amillər arasında daxili istehsal xərclərinin, logistika məsrəflərinin və xarici bazarlarda qiymətlərin artması xüsusi yer tutur. Xaricdən idxal olunan tikinti materiallarının bahalaşması da birbaşa yerli bazara təsir göstərir.
Vüqar Oruc bildirib ki, tikinti materiallarının qiymətlərində mövsümi dəyişikliklər də müşahidə olunur:
“Belə ki, fevralın sonu – martın əvvəlində tikinti fəallığının artması qiymətlərin yüksəlməsinə səbəb olur. Yay aylarında isə bu proses ikinci dəfə təkrarlanır. Payızda tikinti işlərinin nisbətən səngiməsi, qışda isə daha da azalması bazardakı qiymətlərə təsir göstərir”.

Ekspert vurğulayıb ki, hazırda yay mövsümündə tikinti materiallarının qiymətləri ilə yanaşı, istehsalın maya dəyəri, işçi qüvvəsinin əməkhaqqı və logistika xərcləri də artıb. Bütün bunlar bazarda ciddi bahalaşma ilə nəticələnib:
“Bu da tikintinin bir kvadratmetrinin maya dəyərinə təsir göstərir. Qiymət artımı davam edəcək. Çünki manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər və inflyasiya təzyiqləri istər-istəməz tikinti materiallarının qiymətlərində özünü göstərir.
Bundan əlavə, bəzi inzibati qərarlar da tikinti materiallarının qiymətinə təsir edir. Məsələn, Nazirlər Kabinetinin qərarı ilə armatur və polad çubuqlara 10 faizlik əlavə verginin tətbiqi bir neçə ay əvvəl qiymətlərə ciddi təsir göstərib. Həmin dövrdə əsas satış məntəqələrində qiymətlər cəmi bir gecənin içində 130–180 manat artıb. Tikinti bazarında bir məhsulun bahalaşması, bir qayda olaraq, digər materialların qiymətlərinə də təsir edir”.
Ekspert əlavə edib ki, yerli istehsal müəssisələri hazırda maksimum güclə fəaliyyət göstərir. Tikinti həcminin və tələbatın artması materiallara olan ehtiyacı da gündən-günə yüksəldir.
Vüqar Orucun fikrincə, qiymət artımına tələbatın yüksəlməsi ilə yanaşı, inflyasiya təzyiqlərinin güclənməsi, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər və biznes subyektlərinin əməkhaqqı xərcləri ilə bağlı gözləntiləri də təsir göstərir.
Onun sözlərinə görə, bu amillər tikintinin bir kvadratmetrinin maya dəyərinin yüksəlməsinə və nəticədə tikinti materiallarının bahalaşmasının davam etməsinə səbəb ola bilər./Qaynarinfo.az
