“Aqrar Süni İntellekt” layihəsi çərçivəsində 13 həll istismardadır, 11 həll isə sınaq mərhələsindədir. Daha 7 həllin hazırlanması davam edir, 2 həll üzrə işlərə hələ başlanılmayıb.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova cümə axşamı “Aqrar Süni İntellekt” layihəsinin icra vəziyyəti və aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.
Nazir müavini bildirib ki, ümumilikdə 24 həll üzrə hazırlıq işləri tamamlanıb. Hazırlanan sistemlər fermerlərə əkin seçimindən suvarmaya, xəstəlik risklərinin qiymətləndirilməsindən dərmanlama vaxtının müəyyənləşdirilməsinə qədər müxtəlif mərhələlərdə dəstək verir.
“Xəstəlik və zərərverici risklərinin proqnozu həlli fermerin sahəsi üçün xəstəlik riskini saatbasaat hesablayır və zərərvericinin hansı mərhələdə olduğunu izləyir. Hazırda səkkiz meyvə növü üzrə 18 xəstəlik və zərərverici əhatə olunub. Dərmanlama vaxtının müəyyən edilməsi həlli isə külək, yağış və temperatur əsasında dərmanlama üçün uyğun saatları göstərir”, – deyə İ.Qədimova qeyd edib.
Onun sözlərinə görə, bitki uyğunluğu proqramı üzrə dörd həll istismardadır. Bu həllər torpaq və iqlim şəraitinə əsasən əraziyə uyğun bitki və sortların seçilməsinə, optimal əkin vaxtının müəyyənləşdirilməsinə imkan verir:
“Bitkinin inkişaf fazaları üzrə risk xəritəsi həssas dövrlərdə soyuq və isti riskini 15 illik məlumatlar əsasında göstərir. Əkilmiş bitki üzrə risk xəbərdarlığı isə fermerin artıq əkdiyi sort üçün yaxın günlərdə gözlənilən soyuq və isti barədə əvvəlcədən məlumat verir”.
İ.Qədimova suvarmanın idarə edilməsi proqramı üzrə də üç həllin istismarda olduğunu bildirib:
“Sahə səviyyəsində su tələbatını müəyyən edən həll gündəlik buxarlanmanı, yağıntını və su balansını hesablayaraq suvarma vaxtını tövsiyə edir. Eyni hesablama rayon və ölkə miqyasında da aparılır. Torpaqların dinamik nəmlik xəritəsi isə peyk şəkilləri əsasında su çatışmazlığı olan əraziləri göstərir. Bu həllin hazırda pambıq sahələrində tətbiqi nəzərdə tutulur”.
Nazir müavini əlavə edib ki, fermer reytinqi proqramı çərçivəsində təsərrüfatların iqtisadi fəaliyyəti, torpağa və ətraf mühitə münasibəti, müasir təsərrüfat vərdişləri qiymətləndirilir, reytinqin yüksəldilməsi üçün inkişaf istiqamətləri göstərilir.

