Azərbaycan səhiyyəsində uzun müddətdir müzakirə olunan struktur dəyişikliyi reallaşır. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi və Anar Bayramovun səhiyyə naziri təyin olunması ilə ölkənin səhiyyə sistemində yeni idarəetmə mərhələsi başlayır.
Hələ 6-7 ay əvvəl ölkədə bir sıra dövlət qurumlarının birləşdirilməsi istiqamətində struktur dəyişikliklərinin gözlənildiyini yazarkən TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi və Anar Bayramovun nazir postuna gətirilməsi barədə də məlumat vermişdi.
Əslində, səhiyyədə ikili idarəetmənin aradan qaldırılması zərurəti yeni məsələ deyildi. Uzun illər bu sahədə çalışmış təcrübəli həkimlər və tanınmış səhiyyə mütəxəssisləri dəfələrlə mövcud modelin dəyişdirilməsinə çağırış etmişdilər.
Onların əsas arqumenti ondan ibarət idi ki, vahid səhiyyə sisteminin iki fərqli idarəetmə mərkəzi arasında bölünməsi qərarların qəbulunu çətinləşdirir, həkimlər arasında qeyri-bərabərliyə, müəssisələrin fəaliyyətində uyğunsuzluqlara və bütövlükdə səhiyyənin inkişafında problemlərə səbəb olur.
Bununla belə, TƏBİB-in yaradılmasını və ötən illərdəki fəaliyyətini yalnız bu problemlərin fonunda qiymətləndirmək doğru olmazdı. Çünki qurumun yaradılmasının konkret məqsədi vardı və həmin məqsədin həyata keçirilməsində mühüm nəticələr əldə edildi.
TƏBİB niyə yaradılmışdı və hansı vəzifəni yerinə yetirdi?
2018-ci ildə TƏBİB-in yaradılmasının əsas səbəblərindən biri Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidi təmin etmək, dövlət xəstəxanalarını yeni maliyyələşmə və idarəetmə modelinə uyğunlaşdırmaq idi.
O dövrdə söhbət yalnız yeni qurumun yaradılmasından getmirdi. Onilliklər ərzində formalaşmış səhiyyə idarəçiliyi dəyişdirilməli, xəstəxanaların maliyyələşməsi yeni prinsiplərə keçirilməli, tibbi xidmətlərin tarifləri müəyyənləşdirilməli və vətəndaşların tibbi xidmətlərə çıxışı yeni mexanizm əsasında təşkil olunmalı idi.
Belə genişmiqyaslı keçidin ayrıca idarəetmə mexanizmi vasitəsilə həyata keçirilməsi müəyyən çeviklik yaradırdı.
Nəticədə icbari tibbi sığorta 2020-ci ildən mərhələli şəkildə tətbiq olunmağa başladı və 2021-ci ilin aprelindən bütün ölkəni əhatə etdi.
Sonrakı illərdə dövlət xəstəxanalarında sığorta əsasında tibbi xidmətlərin göstərilməsi genişləndirildi, xidmətlər zərfi inkişaf etdirildi, xəstəxanaların maliyyələşdirilməsində və tibb işçilərinin əməyinin qarşılığının ödənilməsində yeni mexanizmlər tətbiq olundu.
Əlbəttə, bu proses problemsiz keçmədi. Növbələr, göndərişlər, xidmətə əlçatanlıq və maliyyələşmə ilə bağlı narazılıqlar da yaşandı. Lakin bir faktı nəzərə almamaq olmaz: Azərbaycanda uzun illər müzakirə edilən icbari tibbi sığorta sistemi artıq ölkə miqyasında fəaliyyət göstərən mexanizmə çevrilib.
Bu nəticənin əldə edilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə yanaşı, TƏBİB-in də mühüm rolu oldu.
Eyni zamanda, bu dövrdə Səhiyyə Nazirliyi də elektron səhiyyə xidmətlərinin inkişafı, tibbi məlumatların rəqəmsallaşdırılması və elektron resept sisteminin tətbiqi istiqamətində mühüm addımlar atdı.
Beləliklə, hər iki qurum öz fəaliyyət istiqamətində müəyyən nəticələr əldə etsə də, səhiyyənin vahid idarə olunması məsələsi həllini gözləyirdi.
Eyni səhiyyə sistemi, fərqli əməkhaqları
İkili idarəetmənin yaratdığı ən həssas problemlərdən biri tibb işçilərinin əməkhaqları ilə bağlı idi.
TƏBİB-in tabeliyindəki xəstəxanalarda çalışan həkimlərin əməkhaqqı sistemi ilə Səhiyyə Nazirliyinin tabeliyində qalan müəssisələrdə çalışan həmkarlarının maaş mexanizmləri arasında ciddi fərqlər formalaşmışdı.
TƏBİB sistemində çalışan həkimlər üçün vəzifə maaşı ilə yanaşı, müxtəlif həvəsləndirici əlavələr, görülən işin nəticəsinə görə ödənişlər və digər stimullaşdırıcı mexanizmlər tətbiq olunurdu. Nazirliyin tabeliyindəki bir sıra tibb müəssisələrində isə əməkhaqqı fərqli qaydalarla hesablanırdı.
Nəticədə eyni ixtisasa sahib, oxşar iş yükü və məsuliyyət daşıyan həkimlərin yalnız fərqli qurumların tabeliyində çalışdıqlarına görə müxtəlif məbləğdə əməkhaqqı alması narazılıqlara səbəb olurdu.
Bu fərq təkcə maddi məsələ deyildi. Uzun illər eyni səhiyyə sistemində çalışmış, eyni təhsil və ixtisas hazırlığı keçmiş həkimlərin bir hissəsi özünü həmkarları ilə müqayisədə daha az qiymətləndirilən tərəf kimi hiss edirdi.
Belə vəziyyət həkimlər arasında ayrı-seçkilik kimi qəbul olunur, narazılıq və bölünmə yaradırdı.
Xüsusilə 2026-cı ilin sentyabrından TƏBİB sistemində çalışan 72 mindən artıq tibb işçisinin əməkhaqlarının artırılması iki fərqli əməkhaqqı modelinin mövcudluğunu yenidən aktuallaşdırdı. Bu artım nəticəsində TƏBİB üzrə illik əməkhaqqı fondu 189 milyon manat yüksəldi.
Əlbəttə, həkimlərin əməkhaqları onların ixtisasına, iş yükünə, peşəkarlığına və fəaliyyət nəticələrinə görə fərqlənə bilər. Lakin bu fərqlər yalnız tabelik prinsipindən deyil, bütün dövlət səhiyyə sistemi üzrə vahid və ədalətli meyarlardan irəli gəlməlidir.
Yeni idarəetmə modeli bu sahədəki uyğunsuzluqların aradan qaldırılması üçün imkan yaradır.
İki qurum arasındakı ziddiyyətlər
Mövcud modelin digər problemi Səhiyyə Nazirliyi ilə TƏBİB arasında səlahiyyətlərin bölüşdürülməsi idi.
Səhiyyə Nazirliyi ölkənin səhiyyə siyasətinin müəyyənləşdirilməsi, tibbi standartlar, kadrların hazırlanması, sertifikasiya və digər mühüm istiqamətlər üzrə səlahiyyətlərini saxlayırdı. TƏBİB isə dövlət xəstəxanalarının böyük hissəsinin gündəlik idarə olunmasına və tibbi xidmətlərin təşkilinə cavabdeh idi.
Kağız üzərində müəyyən edilmiş bu bölgü praktikada həmişə problemsiz işləmirdi.
Kadrların işə qəbulu, həkimlərin ixtisasartırması, xəstəxanaların fəaliyyətinin təşkili və yeni standartların tətbiqi kimi məsələlərdə iki qurum arasında sıx koordinasiya tələb olunurdu. Bəzi hallarda isə qərarların icrası əlavə razılaşdırmalar səbəbindən ləngiyirdi.
İllər ərzində iki qurum arasında səlahiyyət bölgüsü ilə bağlı fikir ayrılıqları, idarəetmədə rəqabət və münasibətlərdə gərginlik barədə də fikirlər səsləndirilirdi.
Müxtəlif idarəetmə mərkəzlərinin mövcudluğu bəzi hallarda ümumi səhiyyə maraqlarından daha çox qurumların öz səlahiyyətlərini qorumasını ön plana çıxarırdı.
Belə vəziyyət yalnız bürokratik çətinliklər yaratmır, həm də vahid səhiyyə siyasətinin həyata keçirilməsinə, resursların səmərəli bölüşdürülməsinə və sistemin inkişafına mane ola bilirdi.
Yeni model səhiyyəyə nə verə bilər?
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə səhiyyə siyasətinin müəyyənləşdirilməsi və onun gündəlik icrası arasında daha sıx əlaqə qurmaq imkanı yaranır.
Bu, ilk növbədə, idarəetmədə səlahiyyətlərin dəqiqləşdirilməsinə, təkrarlanan funksiyaların azaldılmasına və qərarların daha çevik qəbuluna xidmət edə bilər.
İkinci mühüm istiqamət vahid kadr siyasətinin formalaşdırılmasıdır. Həkimlərin hazırlanması, ixtisasartırması, sertifikasiyası, işə qəbulu və əməkhaqqı mexanizmlərinin əlaqələndirilməsi üçün yeni imkanlar açılır.
Üçüncü məsələ səhiyyənin rəqəmsallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasıdır.
Tibb müəssisələrinin fəaliyyətinə dair məlumatların, xəstələrin elektron tibbi tarixçələrinin, diaqnostika nəticələrinin, göndərişlərin və digər göstəricilərin vahid elektron sistemdə əlaqələndirilməsi həm idarəetmənin keyfiyyətini yüksəldə, həm də vətəndaşların işini asanlaşdıra bilər.
Məsələn, hansı xəstəxanada həkim çatışmazlığının olduğu, hansı bölgədə müəyyən tibbi xidmətə tələbatın artdığı, hansı müəssisədə avadanlıqlardan səmərəli istifadə edilmədiyi vahid məlumat bazası vasitəsilə daha dəqiq müəyyənləşdirilə bilər.
Bu isə tibbi xidmətlərin planlaşdırılmasında, maliyyə vəsaitinin bölüşdürülməsində və xəstəxanaların fəaliyyətinin qiymətləndirilməsində daha çevik qərarlar qəbul etməyə imkan verər.
Lakin bütün bunlar yalnız inzibati qərarla baş verməyəcək. Yeni strukturun real nəticə verməsi üçün rəqəmsal sistemlərin inteqrasiyası, əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi və xəstəxanaların fəaliyyətinə şəffaf nəzarət təmin edilməlidir.
Əsas məsələ tabeliyin deyil, sistemin dəyişməsidir
Beləliklə, TƏBİB-in yaradılması müəyyən tarixi zərurətdən irəli gəlmişdisə, indiki struktur dəyişikliyini də səhiyyə idarəçiliyinin növbəti mərhələsinə keçid kimi qiymətləndirmək olar.
TƏBİB-in icbari tibbi sığorta sisteminin formalaşmasında oynadığı rol və bu illər ərzində səhiyyədə əldə edilən digər nəticələr qorunmalı, yeni idarəetmə modelində daha da inkişaf etdirilməlidir.
Görünür, səhiyyədə illər ərzində formalaşan idarəetmə problemləri, mütəxəssislərin tənqidləri, həkimlərin əməkhaqları arasındakı uyğunsuzluqlar və vahid koordinasiyaya olan ehtiyac struktur dəyişikliyini zəruri edən əsas amillərdən olub.
Lakin bu qərarın real nəticələri hələ qarşıdadır.
Əgər yeni model bürokratik maneələri azaldacaq, resurslardan daha səmərəli istifadəni təmin edəcək, səhiyyənin rəqəmsallaşdırılmasını sürətləndirəcək və tibbi xidmətlərin keyfiyyətini yüksəldəcəksə, struktur dəyişikliyinin faydaları praktikada özünü göstərəcək.
Çünki səhiyyədə islahatın əsas göstəricisi hansı qurumun kimə tabe olması deyil, vətəndaşın keyfiyyətli tibbi xidmətə nə qədər rahat və vaxtında çıxış əldə etməsidir./bakupost.az
