“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq.
TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Xəbər verildiyi kimi Prezident İlham Əliyevin bu gün imzaladağı Sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirib. O, 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə “MediClub” klinikasında həkim kimi başlayıb. 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, sonradan şirkətin baş direktoru və İdarə Heyətinin sədri olub.
Anar Bayramov 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
2026-cı il aprelin 14-də TƏBİB-in icraçı direktoru təyin olunub.
Qeyd edək ki, Anar Bayramov tibbi sığorta, səhiyyə xidmətlərinin təşkili və sosial müdafiə sahələrində fəaliyyət göstərib.
