Dünya Bankı “Yaşamaq üçün əlverişli Bakı” layihəsinin icrasına 500 milyon dollar yönəltməyi planlaşdırır. Layihə çərçivəsində Zığ, Xocəsən və Böyük Şor göllərinin qərb hissəsinin bərpası, eləcə də Böyük Bakıda neftlə çirklənmiş bəzi ərazilərin rekultivasiyası nəzərdə tutulur.
Bəs bu ərazilərdə ekoloji problemlərin aradan qaldırılması mənzil və torpaq qiymətlərinə necə təsir edəcək?
Ümumiyyətlə, ekoloji vəziyyət daşınmaz əmlakın dəyərinin formalaşmasında hansı rol oynayır və belə layihələrin bazara təsiri nə vaxt hiss olunmağa başlayır?
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Qaynarinfo-ya açıqlamasında bildirib ki, layihənin icrası sözügedən ərazilərdə daşınmaz əmlakın qiymətinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, infrastrukturun inkişafı və yeni layihələrin həyata keçirilməsi həmin ərazilərin investisiya cəlbediciliyini artırır:
“Qeyd etdiyiniz layihə üzrə 500 milyon dolların ayrılması və yönəldilməsi sözügedən ərazidə daşınmaz əmlak bazarına müsbət təsir göstərəcək və ərazidə istər torpaq sahələrinin, istər digər daşınmaz əmlak növlərinin qiymətləri artacaq. Harada infrastruktur inkişaf edirsə, yeni layihələr icra olunursa, məhz həmin ərazilərdə qiymətlərin artması təbii bir prosesdir. İnvestisiya cəlbediciliyi olan ərazilərə investisiya yatırımı olunduğu zaman həmin ərazilərdə həm torpağın, həm də digər daşınmaz əmlak növlərinin qiymətində artım baş verir.
Qiymət artımının hansı ərazilərdə daha çox olacağına gəldikdə isə Xocəsən-Sulutəpə-Lökbatan istiqamətində torpaq və fərdi yaşayış evlərinin qiymətlərində artım baş verəcək. Xocəsən gölünün ətrafında ekoloji bərpa, park zonaları, kanalizasiya infrastrukturunun yenidən qurulması və yaxşılaşdırılması, baş planda nəzərdə tutulan Xocəsən-Lökbatan yaşıl dəhlizi bu istiqamətdə layihənin cəlbediciliyini ciddi şəkildə artıracaq. Yeni dəmir yolu stansiyası planı da baş planda göstərilən konsepsiyanın bir hissəsidir.
Daha çox diqqət yetiriləcək və investisiya cəlbediciliyini yüksəldəcək ərazilər Xocəsən qəsəbəsinin gölə yaxın, lakin yaşayış üçün yararlı hissələri, Sulutəpənin infrastruktura çıxışı olan sahələri, Lökbatan istiqamətində əsas nəqliyyat yollarına yaxın torpaqlar olacaq”.

Vüqar Orucun sözlərinə görə, layihənin təsir göstərəcəyi digər istiqamət Böyük Şor-Dərnəgül-Binəqədi xəttidir. Bu ərazilərdə torpaq sahələri, yeni tikililər və kommersiya obyektlərinin qiymətlərində də artım gözlənilir:
“İkinci əsas inkişaf trayektoriyası Böyük Şor-Dərnəgül-Binəqədi istiqaməti olacaq. Burada həm torpaq sahələrinin, həm yeni tikililərin, həm də kommersiya obyektlərinin qiymətinə bu layihə təsir göstərəcək.
Üçüncü istiqamət Zığ gölü-Zığ qəsəbəsi-Suraxanı istiqamətidir. Sözügedən ərazilərdə də torpaq sahələrinin, fərdi yaşayış evlərinin qiymətlərinin artımı gözlənilir.
Dördüncü istiqamət Balaxanı-Binəqədi ətrafının kənar zonalarıdır. Burada qiymətlər çox yüksək səviyyədə artıma məruz qalmasa da, layihənin icrasından əvvəlki dövrlə müqayisədə kifayət qədər artım olacaq. Burada daşınmaz əmlak növləri üzrə tikintiyə yararlı torpaqların, tərkibində torpaq sahələri olan fərdi yaşayış evlərinin, yeni tikili mənzillərin və kommersiya obyektlərinin əhali axınının və biznes fəaliyyətinin artması nəticəsində qiymət artımı baş verəcək”.
Ərazinin ekoloji vəziyyətinin də daşınmaz əmlak qiymətlərinə təsiri haqqında danışan ekspert qeyd edib ki, ekoloji vəziyyət müasir dövrdə daşınmaz əmlakın dəyərinə təsir edən mühüm amillərdən birinə çevrilib. Əvvəllər qiymətləndirmə zamanı əsasən yerləşmə, təmir, mərtəbə və digər ənənəvi göstəricilər nəzərə alınırdısa, indi enerji effektivliyi və ekoloji meyarlar da ön plana çıxır:
“Yeni yanaşma ondan ibarətdir ki, enerji effektivliyinin artırılması, alternativ enerjidən istifadə, ekoloji problemlərin həlli və ESG prinsiplərinin tətbiqi birbaşa daşınmaz əmlakın qiymətinə təsir göstərəcək. Əgər əvvəllər yalnız yerləşmə, təmir, mərtəbə və digər ənənəvi göstəricilər qiymətə təsir göstərirdisə, indi enerji effektivliyi, alternativ enerjidən nə dərəcədə istifadə olunması, hava və su izolyasiyası kimi prinsiplər xüsusi rol oynayır. Enerji effektivliyi nəticəsində xərclərin azalması, maya dəyərinin aşağı düşməsi və sair bu prinsiplərin mənzillərin qiymətləndirilməsində xüsusi rol oynayacaq.
Torpaq sahələri isə təbii ki, ekoloji təmizləmə nəticəsində dəyər qazanacaq. Çünki insanlar tarixən torpaq sahələri axtararkən ərazinin yaşıllıqla zəngin olmasını, ekoloji cəhətdən təmizliyini və nəqliyyat baxımından əlçatanlığını önə çəkirlər. Bu da yeni prinsiplərin torpaq sahələrinin dəyərinə kifayət qədər təsir göstərəcəyini göstərir. Artıq köhnə əmlakçılıq və köhnə qiymətləndirmə çərçivəsi geridə qalıb, yeni yanaşmalar tətbiq olunur. Bu da əmlakın dəyərinin müəyyənləşməsində çox mühüm rol oynayacaq”.
Vüqar Oruc belə layihələrin daşınmaz əmlak bazarına təsirinin mərhələli şəkildə üzə çıxdığını bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə layihə barədə məlumatların yayılması belə qiymətlərə psixoloji təsir göstərir. Sonrakı mərhələlərdə isə tikinti və infrastruktur işlərinin başlanması, layihənin tamamlanması qiymətlərdə daha ciddi dəyişikliklərə səbəb ola bilər:
“Birincisi, məlumatların dövriyyəyə buraxılması psixoloji təsir yaradır. Bu, qiymət artımına avtomatik təsir göstərir. Bu mərhələdə qeyd etdiyim ərazilər üzrə təxminən 5-10 faiz civarında qiymət artımının şahidi oluruq.
İkinci mərhələ artıq layihənin icrasına başlanmasıdır. Yəni informativ hissə yox, konkret fəaliyyət mərhələsidir. Layihə başlayan kimi, təcrübəyə əsasən bildirirəm ki, qiymətlər 20-25 faiz civarında artıma məruz qalacaq. Layihə bitdikdən, infrastruktur genişləndikdən və qarşıya qoyulan məqsədlər həyata keçirildikdən sonra yaxın müddətdə 30-50 faiz arası qiymət artımı gözləyə bilərik.
Amma zaman keçdikcə həmin ərazilərdə sıxlıq, əhalinin məskunlaşması, obyektlərin işləməsi, torpaq sahələrinin cəlbediciliyinin artması və bütün bu amillər reallaşdıqdan sonra bir neçə il keçəcək və görəcəyik ki, həmin ərazilərdə torpağın qiyməti nəinki 15, 20, 30, 50 faiz, hətta iki dəfəyə qədər artıma məruz qalıb”.
