Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün dayandırılması onun AİB-in azad ticarət zonası tərəfdaşları – İran, Vyetnam, Serbiya, Monqolustan və BƏƏ ilə azad ticarət rejiminə xitam verəcək.
AİB Müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə Rusiya mediasında dərc edilən hesabatda belə deyilir.
Hesabata görə, Ermənistanın quruma üzvlüyü dayandırılarsa, onun spirtli içki ixracı 50% azala bilər.
“Ermənistan Respublikasının ənənəvi ixracatı üçün ixracın azalması proqnozlaşdırılır və bu, 30-31%-dən (yüngül sənaye malları, ağac məhsulları) 50%-ə (spirtli içkilər) qədər dəyişir”, – deyə hesabatda bildirilir. Bundan əlavə, Ermənistan üçün qaz qiymətləri 69% arta bilər.
Həmçinin, hesabatda deyilir ki, Ermənistanın AİB üzvlüyü dayandırılarsa, onun iqtisadiyyatı 15,6% kiçilə, ölkə sürətlənmiş inflyasiya və istehlakın azalması ilə üzləşə bilər.
Rusiya hökumətinin veb saytında dərc olunmuş Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə hesabatında deyilir: “Ermənistan Respublikasının ittifaqdakı üzvlüyünün dayandırılması nəticəsində respublikanın ÜDM-nin təxminən 15,6% azalması, inflyasiyanın 14,9 faiz artması və Ermənistan Respublikası iqtisadiyyatında istehlakın 14,6% azalması proqnozlaşdırılır”.
Qeyd olunur ki, Ermənistanın Avropa İttifaqına(Aİ) üzvlük tələblərinə əməl etməsi ölkənin AİB qarşısındakı öhdəliklərini pozacaq. Belədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Ermənistanın AİB-dəki üzvlüyünü dayandırmaq hüququ var.
