Bu ilin ilk 9 ayında Azərbaycanın idxal əməliyyatlarında dövlət sektorunun payı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Əvəzində özəl sektorun ümumi idxalda payı əhəmiyyətli dərəcədə artıb.
Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəyə idxal olunan məhsulların 30,6 faizi dövlət sektorunun payına düşdüyü halda, cari ilin eyni dövründə bu göstərici 10,1 faizə enib. Özəl sektorun payı isə 59,8 faizdən 81,3 faizə yüksəlib. Fiziki şəxslərin payında da azalma qeydə alınıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən ümumilikdə 13 milyard 346 milyon dollar dəyərində məhsul idxal olunub. İdxalın təxminən 1,3 milyard dolları və ya 10,1 faizi dövlət sektorunun, 81,3 faizi özəl sektorun, 8,6 faizi isə fiziki şəxslərin payına düşüb.
Ötən ilin eyni dövründə isə idxal olunan məhsulların 30,6 faizi dövlət sektorunun, 59,8 faizi özəl sektorun, 9,6 faizi fiziki şəxslərin payına düşüb. Beləliklə, bir il ərzində dövlət sektorunun idxaldakı payı 20,5 faiz bəndi azalıb, özəl sektorun payı isə 21,5 faiz bəndi artıb.
Bəs dövlət sektorunun idxaldakı payının kəskin azalmasının səbəbi nədir?
İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, dövlət sektorunun idxaldakı payının azalmasının iki əsas səbəbi var.
Bunlardan birincisi Dövlət Neft Fondunun qızıl əməliyyatları, ikincisi isə neft məhsullarının idxalının azalmasıdır.
Ekspertin sözlərinə görə, ötən ilin ilk 9 ayında Azərbaycana 3 milyard 790 milyon dollar dəyərində qiymətli metal idxal edilib. Bu idxalın əsas hissəsi Dövlət Neft Fondunun qızıl alışları ilə əlaqəli olub.

Xalid Kərimli qeyd edib ki, ötən il Dövlət Neft Fondu ehtiyatlarının bir hissəsini qızıla yönəldərək böyük həcmdə qızıl alıb: “Lakin cari ildə vəziyyət dəyişib. Belə ki, Fond bu il qızıl almaq əvəzinə, riskləri azaltmaq və ehtiyatlarının strukturunu idarə etmək məqsədilə qızıl satışı həyata keçirib. Ötən il qızılın idxalı kimi qeydə alınan böyük həcmli əməliyyatlar bu il əks istiqamətdə baş verib. Bu isə iki ilin göstəriciləri arasında ciddi fərq yaradıb. Ötən ilin ilk 9 ayında qiymətli metallar üzrə idxalın həcmi 3 milyard 790 milyon dollar olduğu halda, cari ilin eyni dövründə bu istiqamətdə təxminən 3 milyard 787 milyon dollarlıq ixrac qeydə alınıb. Beləliklə, ötən ilin qızıl alışları ilə bu ilin qızıl satışları arasında təxminən 3,8 milyard dollarlıq fərq yaranıb. Bu fərq dövlət sektorunun ümumi idxaldakı payının azalmasına təsir edən əsas amildir”.
Ekspert dövlət sektorunun idxal göstəricilərinə təsir edən ikinci amilin neft məhsullarının alışının azalması olduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayında Azərbaycana 897 milyon dollar dəyərində neft məhsulları idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 572 milyon dollar təşkil edib. Nəticədə neft məhsullarının idxalı 325 milyon dollar azalıb.
Xalid Kərimli bildirib ki, neft məhsullarını əsasən dövlət sektoru idxal etdiyindən, bu sahədə alışların azalması da dövlət sektorunun ümumi idxaldakı payına birbaşa təsir göstərib./azpolitika.info
