ABŞ-nin Ukraynaya təzyiqləri və iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsi fonunda Vaşinqtonun mümkün qədər tez sülh danışıqlarını bərpa etməyə çalışdığı görünür.
“The Economist” nəşrində ABŞ administrasiyasının təklif etdiyi yeni sülh razılaşmasının əsas müddəaları dərc edilib. Nəşrin bildirdiyinə görə, mümkün razılaşmanın bir hissəsi olaraq bir sıra təkliflər, o cümlədən Donbasda silahsızlaşdırılmış zonanın yaradılması, Ukrayna üçün iqtisadi investisiya paketi və Kiyevin NATO üzvlüyündən imtina müqabilində Avropa İttifaqı(Aİ) üzvlüyü müzakirə olunur.
Qeyd olunur ki, Donbasda yaradılacaq “silahsızlaşdırılmış zona” deyərkən, hazırda Ukraynanın nəzarətində olan ərazilər nəzərdə tutulur. Ukraynaya bunun müqabilində Avropa Birliyinə sürətli üzvlük və ölkə iqtisadiyyatının bərpası üçün geniş beynəlxalq investisiya dəstəyi təklif olunur. Qarşılığında Kiyevdən NATO-ya üzvlük perspektivindən rəsmən imtina edilməsi tələb olunur.
Eyni zamanda, nəşrin məlumatına görə, razılaşma Rusiyanın Amerika şirkətləri ilə işgüzar müqavilələr bağlaması, eləcə də sanksiyaların yumşaldılması və Moskva ilə siyasi münasibətlərin normallaşdırılması imkanlarını nəzərdə tutur.
Bundan əlavə, Rusiya qazının Avropaya tədarükünün bərpası və hətta “Şimal Axını” boru kəmərinin istismarı da müzakirə olunur. Lakin bu məqam Avropa müttəfiqləri tərəfindən o qədər də həvəslə qarşılanmayıb. “The New York Times” bununla bağlı yazıb ki, Avropa İttifaqı nümayəndələri artıq Moskvadan enerji asılılığına qayıtmaq təklifini rədd edərək enerji təminatının şaxələndirilməsinə üstünlük veriblər.
“The Economist”-in yazdığına görə, ABŞ tərəfi üçün prioritet Ukraynada sülhdən və onun gələcək təhlükəsizliyindən daha çox Vaşinqtonun Rusiya ilə iqtisadi əlaqələrinin bərpasıdır. Qəzet qeyd edir ki, Ukrayna tərəfi Donald Trampın elçilərinin müharibənin bitməsi üçün şərtləri və Ukrayna üçün məqbul olan təhlükəsizlik zəmanətlərini razılaşdırmazdan əvvəl Rusiya ilə əlverişli iqtisadi müqavilələr bağlayacaqlarından narahatdır.
“Onların nöqteyi-nəzərindən niyə gözləməli və vaxt itirməlisiniz? Vaxt puldur”, – deyə Ukrayna rəsmisi nəşrə bildirib.
Nəşr yazır ki, bu arada, Rusiya sülhə meyl göstərmir, qışdan əvvəl Ukraynanın enerji obyektlərini atəşə tutmağa davam edir və ehtimal ki, bundan sonra da sanksiyaların qaldırılması daxil olmaqla, güzəştlər əldə etmək ümidi ilə prosesi uzatmağa çalışacaq.
Qeyd edək ki, bundan öncə ABŞ Müharibə Tədqiqatı İnstitutunun analitikləri Rusiyanın Vaşinqtonla danışıqlardan əslində nə istədiyini izah edib. Nüfuzlu institutun analitikləri iddia edirlər ki, Kreml Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlarda maraqlı olduğunu nümayiş etdirsə də, əslində əsas məqsəd müharibəni maliyyələşdirməyə davam etmək üçün ABŞ-dən iqtisadi güzəştlər almaqdır.
