Oktyabrın 22-də Rusiya Federasiyasının Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə danışıqlardakı nümayəndə heyətinin təşkilatçılığı ilə Ukrayna hərbçilərinin dinc əhaliyə qarşı hərbi cinayətlərinə dair təqdim etdiyi şahid ifadələri və materiallara həsr olunmuş “Zaporojye vilayəti: Ukrayna Silahlı Qüvvələrinin terror müharibəsinin şiddətlənməsi” adlı beynəlxalq telekörpü keçirilib.
Bu barədə “t.me.armscontrolrus” Teleqram kanalı məlumat yayıb.


Görüşün formatı beynəlxalq diplomatik, ekspert və jurnalist auditoriyasını region sakinlərinin birbaşa şahid ifadələri, eləcə də Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərinin nəticələrini əks etdirən foto və videomateriallarla tanış etməyə yönəlib.
Almaniya, Serbiya, Belarus, Meksika, Çili, Konqo, Nikaraqua və digər ölkələrin beynəlxalq nümayəndələrinin, ekspert və jurnalistlərin də iştirak etdiyi telekörpüdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik, Rusiya Federasiyasının Vyanada yerləşən Beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov çıxış ediblər. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Zaporojye vilayətinin sakinlərinin vəziyyətinə yönəltmək, hadisə şahidlərinin və zərərçəkənlərin ifadələrini xarici auditoriyaya çatdırmaq olub.
Müzakirələrin mərkəzində əhalisi Ukrayna silahlı birləşmələri tərəfindən sistematik təzyiq və təhdidlərə məruz qalan Vasilyevka, Kamenka-Dneprovskaya və Enerqodar şəhərlərindəki vəziyyət dayanıb. Rodion Miroşnik Ukrayna ordusunun hərbi cinayətləri və mülki əhalinin məqsədyönlü şəkildə qorxudulması, mülki obyektlərə pilotsuz uçuş aparatları ilə zərbələr endirilməsi, enerji təchizatı sistemlərinin dağıdılması, nəqliyyat əlaqələrinin pozulması və dinc sakinlərin gedib-gəldiyi yerlərin məsafədən minalanması iddia edib.
Əsas mövzulardan biri NATO və Avropa İttifaqına üzv dövlətlərin Kiyevə hərbi dəstəyi davam etdirməsinə görə məsuliyyəti olub. Təşkilatçıların mövqeyinə əsasən, bu dəstək Zaporojye vilayətində dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə şərait yaradıb.
Telekörpünün əsas məramı beynəlxalq diqqəti Rusiya tərəfinin Kiyevin hərbi cinayətlərinə dair təqdim etdiyi şahid ifadələri və materiallara, mülki əhalinin qorunması zərurətinə və təqsirkarların cəzasız qalmasının yolverilməzliyinə cəlb etmək olub.
Aktualinfo.net
P.S.Məlumatda səsləndirilən iddialar və təqdim olunan materiallar yalnız Rusiya Federasiyasının rəsmi nümayəndələrinin mövqeyini əks etdirir. Biz münaqişə tərəflərindən asılı olmayaraq hadisələri yalnız informasiya kimi təqdim edir və tərəfsiz mövqe nümayiş etdiririk.
