Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 40,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bu göstərici Türkiyənin ümumi qaz ixracında 68,03 % paya bərabər olub.
Bu ilin avqust ayında Türkiyədən Suriyaya cəmi 159,4 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı 2025-ci ilin avqustun 2-dən etibarən başlayıb.
Ümumilikdə, cari ilin ilk 8 ayı ərzində Türkiyə 1 milyard 528,94 milyon kubmetr təbii qaz ixrac edib. Bu həcm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 % artıq olub. Avqust ayında isə ümumilikdə 225,37 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2025-ci ilin eyni ayına nisbətən 11,3 % çoxdur.
Hesabat dövrü ərzində Türkiyədən ixrac olunan təbii qazın 1 milyard 40,1 milyon kubmetri (68,03 %-i) Suriyaya, 464,55 milyon kubmetri (30,38 %-i) Bolqarıstana, 0,75 milyon kubmetri (0,05 %-i) Şimali Makedoniyaya, 23,54 milyon kubmetri (1,54 %-i) isə Macarıstana yönləndirilib.
Avqust ayında ixrac edilən təbii qazın 159,4 milyon kubmetri (70,73 %-i) Suriyaya, 45,52 milyon kubmetri (20,2 %-i) Bolqarıstana, 20,45 milyon kubmetri (9,08 %-i) isə Macarıstana göndərilib.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Türkiyə ümumilikdə 36 milyard 527,99 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin 8 aylıq göstəricisi ilə müqayisədə 3,71 % az olub.
Avqust ayında Türkiyəyə 2 milyard 775,52 milyon kubmetr qaz idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,66 % aşağıdır.
Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycan ümumi dəyəri 5 milyard 710 milyon 869,27 min ABŞ dolları olan 16 milyard 377 milyon 579,25 min kubmetr həcmində təbii qaz ixrac edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 8 ayına nisbətən 0,5 %, dəyəri isə 4,8 % az olub. Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 26,18 % səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Layihənin birinci mərhələsində Suriyaya illik 1,2 milyard kubmetr təbii qazın tədarükü nəzərdə tutulur. Qaz Türkiyənin Kilis şəhəri üzərindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses sayəsində 1 200-1 300 meqavat gücündə elektrik istehsalına nail olunması planlaşdırılır.
