Rusiya prezidenti Vladimir Putin MDB ölkələrində yaşayan rusiyalıların maliyyə vəziyyəti və əmlakı barədə məlumatların əldə edilməsini asanlaşdıran sazişi ratifikasiya edib. Söhbət Rusiyada barəsində icra işi başlanmış şəxslərin xarici ölkələrdəki bank hesablarının, gəlirlərinin, daşınmaz əmlakının və digər aktivlərinin müəyyənləşdirilməsindən gedir.
Bu barədə Rusiyanın müxalif “Novaya qazeta” nəşri yazıb.
Nəşrin məlumatına görə, Putin MDB ölkələri arasında icra sənədlərinin yerinə yetirilməsi üçün məlumat mübadiləsini nəzərdə tutan beynəlxalq sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Saziş Rusiya icra orqanlarına digər iştirakçı dövlətlərdən borcluların xaricdəki maliyyə və əmlak vəziyyəti barədə məlumat almaq imkanı yaradır. Azərbaycan da məlumat mübadiləsi sazişini imzalayıb.

Qeyd edək ki, Rusiyadan son illərdə Azərbaycana köçən, burada şirkət yaradan, biznes quran və bank hesabları açan Rusiya vətəndaşları var. Yeni mexanizm onların maliyyə aktivlərinin müəyyənləşdirilməsi üçün hüquqi imkan yaradır. Sazişi ötən ilin mayında Azərbaycanla bərabər Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan da imzalanıb. Rusiya tərəfi sənədi noyabrın 2-də ratifikasiya edib.
Sənədə əsasən, Rusiya məhkəmə icraçıları Azərbaycandakı müvafiq qurumlara müraciət edərək borclu şəxslərin iş yeri, rəsmi gəlirləri, bank hesabları, daşınmaz əmlakı, avtomobilləri və kommersiya şirkətlərindəki payları barədə məlumat istəyə biləcəklər.
Bu, xüsusilə Rusiyada kredit borcu, ödənilməmiş cərimə, aliment və digər maliyyə öhdəlikləri olan şəxslər üçün əhəmiyyətlidir.
Məsələnin mühüm hüquqi tərəfi var. “Novaya qazeta”nın yazdığına görə, saziş bütün Rusiyadan köçən şəxslərə şamil edilmir. Məlumat sorğusu üçün həmin şəxsin barəsində Rusiyada icra icraatı başlanmış olmalıdır. Sadəcə, məsələn Azərbaycanda yaşamaq, şirkət açmaq və ya bank hesabına sahib olmaq sorğu üçün əsas sayılmır. Sorğuların icrası üçün 30 iş günü nəzərdə tutulur. Maraqlı məqam isə budur ki, şəxsin özünə onun barəsində məlumat toplandığı barədə xəbər verilməsi məcburi deyil. Rusiya tərəfi sorğunun məxfi saxlanılmasını da istəyə bilər.Sazişin ratifikasiyası Rusiyaya Azərbaycandakı bank hesablarından birbaşa pul çıxarmaq və ya əmlakı avtomatik müsadirə etmək hüququ vermir. Mexanizm ilk növbədə borclunun aktivlərinin yerini müəyyənləşdirməyə xidmət edir.
Əldə edilən məlumatlar əsasında tələbkar digər ölkənin məhkəməsinə müraciət edərək Rusiya məhkəmə qərarının həmin ərazidə tanınmasına və icrasına nail olmağa çalışa bilər.

“Novaya qazeta” yazır ki, saziş siyasi mühacirlər üçün də risk yarada bilər.
“Birinci şöbə” hüquq təşkilatının nümayəndəsi Yevgeni Smirnov nəşrə açıqlamasında yeni mexanizmin yalnız adi borclarla bağlı məsələlərdə istifadə olunmaya biləcəyinə diqqət çəkib. Onun fikrincə, sənəd Rusiyadan siyasi səbəblərlə köçmüş şəxslərin maliyyə məlumatlarının əldə edilməsi riski yaradır. Hüquqşünas hesab edir ki, bu məlumatlar şəxslərin gəlir mənbələrinin, işlədikləri təşkilatların və müəyyən maliyyə əməliyyatlarının araşdırılmasına şərait yarada bilər. Smirnov xaricdəki hesablar və əmlakın müəyyənləşdirilməsini Rusiyanın ölkədən gedən vətəndaşlar üzərində nəzarət imkanlarının genişlənməsi kimi qiymətləndirir. Sazişə görə, dövlətlər sorğunun icrası onların suverenliyinə, təhlükəsizliyinə, qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə zidd olduqda məlumat verməkdən imtina edə bilərlər.
Bundan başqa, Azərbaycan üçün də bu əməkdaşlıq qarşılıqlı xarakter daşıyır. Yəni müvafiq hüquqi əsaslar yarandıqda Azərbaycan tərəfi də Rusiyadan borcluların əmlakı və maliyyə vəziyyəti barədə məlumat tələb edə bilər./musavat.com
