Hesablama Palatası büdcənin formalaşdırılması prosesində “yaşıl büdcə” mexanizminin həyata keçirilməsi yönündə müvafiq addımların atılmasını tövsiyə edib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bundan başqa, büdcə kəsirinin maliyyələşdirilmə mənbələri üzrə proqnozların bütün komponentlər üzrə daha dəqiq formada, konkret məbləğlər göstərilməklə büdcə sənədləşməsinə əlavə edilməsi, “Büdcə sistemi haqqında” Qanunun 1.1-ci maddəsinin altıncı hissəsində büdcədənkənar əməliyyatlarla bağlı anlayışın yenidən nəzərdən keçirilməsi, ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyənləşdirilməsi qaydasında gəlirlərlə yanaşı xərclərin də nəzərə alınması, vahid büdcə təsnifatında icbari tibbi sığorta ödənişlərinə dair ayrıca paraqrafın təsbit olunması, dövlət sifarişləri üzrə mövcud mexanizmin təkmilləşdirilməsi, dövlət sifarişinin formalaşdırılması prosesinin rəqəmsallaşdırılması və Açıq Büdcə İndeksində ölkəmizin mövqeyinin gücləndirilməsi kimi məqsədlərin gerçəkləşdirilməsi naminə büdcə sənədləşməsinin inkişaf etdirilməsi, “Büdcə sistemi haqqında” Qanunun 12, 16, 18 və 20-ci maddələri ilə əlaqədar təkliflərimizin nəzərə alınmasını tövsiyə etmişik”, – deyə V. Gülməmmədov bildirib.
