Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 23
  • Azərbaycanla Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb

Azərbaycanla Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb

admin 23/04/2025
f7ba73c3-8f47-3ec4-bc08-eca7b7e3acd0_850

 

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. 

Bununla bağlı sənədi aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədr Si Cinpin imzalayıblar.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri etmişdir.

Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.

1. Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.

Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

2. Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər.

Tərəflər Çin Kommunist Partiyası ilə “Yeni Azərbaycan” Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir, xarici işlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmindədirlər.

3. Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər və Bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.

4. Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqlarını ifadə etdilər. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla, ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.

Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə etdilər.

Çin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan Çinin aparıcı şirkətlərinin Azərbaycan ərazisində keçirilən böyük sərgilərdə və forumlarda iştirakını alqışlayır.

5. Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər.

6. Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər.

7. Tərəflər iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər.

Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin, birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.

Tərəflər qeyd edirlər ki, Çinin keçirdiyi Nəqliyyatın Dayanıqlı inkişafı üzrə Qlobal Forum dayanıqlı nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət əhəmiyyətə malikdir.

8. Tərəflər elmi-tədqiqat müəssisələrini və elm işçilərini qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparmağa, texnologiya transferinə və əldə olunan nailiyyətlərin kommersiyalaşdırılmasına təşviq edəcəklər, habelə birgə elmi-tədqiqat platformaları yaradacaqlar.

9. Tərəflər müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi İnstitutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəldilər.

Tərəflər mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər.

Tərəflər turizm siyasətinin əlaqələndirilməsini gücləndirməyə, bir-birinin ərazisində turizmin təşviqi üçün tədbirlərin təşkilinə imkan yaratmağa, turizm müəssisələri, sahəvi assosiasiyalar və digər institutlar arasında profil əlaqələrini dəstəkləməyə, həmçinin ikitərəfli turist axınının və vətəndaşların qarşılıqlı səfərlərinin artırılmasında birgə fəaliyyət göstərməyə hazırdırlar.

Tərəflər səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcək, gənclər və akademik dairələr xətti üzrə dostluq əlaqələrini artıracaqlar.

Tərəflər qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər.

Tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq, ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar.

Tərəflər Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq Çin assosiasiyaları və institutları ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirlər.

10. Tərəflər terrorizm, separatizm və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğuladılar. İki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir. Tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin işçi heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar.

Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır.

11. Çin BMT-nın İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir. Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlamışlar.

Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” və “Paris Sazişi”nə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar. Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar. Tərəflər qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.

Çin tərəfi Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən “Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirir.

2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya şəhərsalma forumunun keçirilməsini nəzərə alaraq, Çin tərəfi Azərbaycan tərəfinə dəstəyini ifadə edib, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

12. Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər. Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.

13. Tərəflər BMT mərkəzli dünya quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamının və beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərir, hegemonluğa və güc siyasətinə qarşı çıxırlar. Tərəflər ümumbəşəri dəyərlərin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış edir, yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərirlər.

14. Tərəflər birgə müzakirə, birgə quruculuq və birgə istifadə prinsipinə sadiq qalaraq, çoxtərəfliliyə sadiqliyi saxlayaraq qlobal idarəetmə sisteminin təkmilləşdirilməsini təşviq etməyə hazırdırlar. Tərəflər BMT-nin mərkəzi əlaqələndirici rolunun, formalaşmaqda olan bazara sahib ölkələrin və inkişaf etməkdə olan dövlətlərin təmsilçilik və səsvermə hüquqlarının artırılmasının naminə çıxış edir, BMT və digər çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdırlar.

15. Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir. Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir.

16. Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir.

17. Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir.

18. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təşəkkür etdi və öz növbəsində Sədr Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət etdi.

PAYLAŞIN:

Continue Reading

Previous: ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı – Həm də necə…
Next: Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər

OXŞAR MÖVZULAR

somali sefir

İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026
kolumbiya sefir

İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026
esvati

İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.