Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 7
  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər

İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər

admin 07/05/2025
az-vyetn

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş katib.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.

Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır.

Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı – bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.

Biz bu gün, eyni zamanda, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.

Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Baş katib. Sizə və bütün vyetnamlı yoldaşlarımıza yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

Sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi bəyanatla çıxış etdi.

Baş katib To Lamın bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı.

Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.

Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O, artıq dəvətimi qəbul edib.

İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq. Əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir.

Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.

Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.

Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik, eləcə də turizmi təşviq edəcəyik, tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlararası təmaslara gəldikdə, istərdim ki, Dostluq Cəmiyyəti yaradılsın.

Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.

Biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib
Next: To Lam: Birgə Bəyanat Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır

OXŞAR MÖVZULAR

somali sefir

İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026
kolumbiya sefir

İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026
esvati

İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.